İnsanları koronavirusdan qoruyacaq

Qızıl maskanın qiyməti 20 min lirədir

Pandemiya bitdikdən sonra  insanlar istəsələr onu pula çevirə biləcəklər və ya koronadan xatirə olaraq saxlayacaqlar


Türkiyəli Səbri Demirci  tərəfindən  dünyada ilk dəfə olaraq antibakterial qızıl və gümüş maskalar istehsal edilib. 

"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin maskaların qiyməti  1500-20 min lirədir. Səbri Demirci 4-5 aydır ki, həmin maskalar üzərində işlədiyini deyib.  O iddia edir ki, bu maskalar insanları koronavirusdan qoruyacaq:  "Dünyada ilk antibakterial gümüş maskanı istehsal etdik. Təmiz 999 karatdır. Tərkibində heç bir mis və ya nikel örtük yoxdur".
 Demirci gümüş maskalar sayəsində insanların mikroblardan uzaq qalacağını söyləyib: "Maskanın çəkisi 20 qramdır. Bu, insanlara mənfi təsir göstərmir. Üst və alt tərəflərində isə ipəkdən hazırlanmış bir süngər var. O süngərlər üzdə rahatlığı təmin edir. Nəfəsalma problemi yoxdur. Gümüş antibakterial olduğundan bir mikrob maksimum 5 dəqiqə yaşaya bilir. Bu, əvvəllər elm adamları tərəfindən araşdırılıb. Gümüş artıq səhiyyə sektorunda geniş istifadə olunan bir maddədir. Hazırda 300-ə yaxın maska istehsal etmişik. Həftəlik istehsalımız 150-200 civarında olacaq. Artıq bir heyət də istehsal üçün hazırdır".
"Qızıl maskanın çəkisi  25 qramdır. Qiyməti isə 20 min lirədir. Qızılın özü hazırda çox bahadır. Çəkisi 465 lirədir. Məhsulu əvvəlcə ölkədə, sonra xaricdə satacağıq. Lakin xaricdən gələn təklifləri də qiymətləndiririk. Artıq Amerikadakı  şirkətlərlə də danışıqlarımız olub. Bu maskaların bir çox özəlliyi var. İlk olaraq, vətəndaşlar maskanı yuyub rahat istifadə edə bilirlər. Hər gün digər maskalardan istifadə edirik. İstifadədən sonra da hər kəs onu zibilə atır. Amma bunu atmağa ehtiyac yoxdur. Pandemiya bitdikdən sonra  insanlar istəsələr onu pula çevirə biləcəklər və ya koronadan xatirə olaraq saxlayacaqlar".