“Maarifləndirmə ən effektli profilaktik tədbirdir”

“Hər birimiz dövlətin atdığı addımları dəstəkləməliyik”

“Məhz belə olduğu təqdirdə qısa zamanda  normal həyatımıza qayıda bilərik”


Bu gün Azərbaycanda COVID-19 infeksiyasına yoluxma və ölüm sayı ən pikk həddə çatıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Sherg.az”a verilən məlumata görə, 3712 yeni yoluxma faktı qeydə alınıb. 1359 nəfər müalicə olunaraq sağalıb və analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib. Dünyanın koronavirusla bağlı mənzərəsi getdikcə daha tünd çalarlar almaqdadır. Virusun yayılmasında kritik mərhələni yaşayırıq. Dünya ölkələrinin əksəriyyəti  pandemiyanın ikinci dalğasını yaşayır. Ümumdünya Səhiyya Təşilatı (ÜST) koronavirusun üçüncü dalğasının da yaşanacağını istisna etmir.

Təəssüf ki, mövcud durumun ürəkaçan olmaması müvafiq dövlət orqanlarının daha sərt qərarları qəbul etməsini gündəmə gətirir. Bəs, belə davam edəcəyi təqdirdə sərt karantin rejiminə keçid nə dərəcədə realdır?

“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov təəssüfl hissi ilə bildirib ki, vətəndaşlar sadə qaydalara əməl etmirlər. Bu baxımdan yoluxma sayının kəskin artması gözlənilən idi.

Birlik sədri qeyd edib ki, maskadan istifadə, gigiyenik qaydalara əməl etmək, sosial məsafə saxlamaq vacib qaydalardan biridir:
“Çünki virus infeksiyalarından qorunmağın əsas yolu gigiyenik qaydalara düzgün əməl etməkdən keçir.

Bu, insanlarda vərdiş halını almalıdır. Təcrübələr göstərir ki, belə xəstəliklər bir qayda olaraq şəxsi gigiyena qaydalarına riayət etməməkdən yaranır. Unutmayaq ki, yoluxucu xəstəliklər erasının davam edəcəyi istisna olunmur.

Payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Odur ki, vətəndaşlarımız karantin rejiminin tələblərini ciddi şəkildə yerinə yetirməlidirlər. Hər birimiz dövlətin atdığı addımları dəstəkləməliyik. Məhz belə olduğu təqdirdə qısa zamanda  normal həyatımıza qayıda bilərik”.

F.Xəlilov vurğulayıb ki, hələ də vəziyyəti olduğu kimi dərk etməyənlərə, qaydaları kobudcasına pozanlara rast gəlmək olur:

“Fikrimcə, yoluxmanın qarşısının alınmasında, virusa yeni yoluxma hallarına yol verilməməsində maarifləndirmə ən yaxşı, həm də effektli profilaktik tədbirdir”.