Hazırda COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar.
Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır. Bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyətlərin tətbiqi olub. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılmasına nail olunub. Lakin bu məhdudiyyətlərin iqtisadi, insanlara sosial-psxoloji təsirləri hər birimizə məlumdur və arzuedilməzdir. Ona görə məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda həyata keçirilir.
Həkim Sevindik Şirinov açıqlamasında bildirib ki, artıq statistikanı incələsək simptomatik və ya asimptomatik şəkildə koronavirusa yoluxmuş xəstələrin sayı getdikcə artır. Həkim bildirib ki, yenə də bəzi şəxslər bu xəstəliyin olmasına inanmır:
“Covid PZR nümunəsi aktiv daşıyıcısı olan şəxslər küçələrdə gəzir. Bu dəhşətdir. Belə olmaz! Düşünürəm ki, bu halları nəzərə alaraq müəyyən sosial izolyasiya tədbirlərin görülməsi mütləqdir”.