Virus bir müddət ölən şəxsin tənəffüs yollarında və dəri səthində qalır
Koronavirusdan vəfat edən insanların sadəcə olaraq nəşi gigiyenik və sanitar qaydalara uyğun dəfn edilməlidir
Koronavirus infeksiyasının yeni növü olan COVİD-19-un yayılması bu virusdan ölüm hallarını da artırıb. Koronavirusdan ölüm hallarının artması vəfat edən şəxslərin dəfni məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər deyirlər ki, ölmüş şəxsdən sağlam insanlara virusun keçmə ehtimalı var. Buna görə də COVİD-19 virusundan ölən şəxslərin dəfni olduqca ciddi formada aparılmalıdır.
Belə ki, ölənləri xüsusi geyimli şəxslər dəfn etməli, cənazəsinə doğmalarının yaxın durmasına icazə verilməməlidir. Ancaq belə bir fikirlər də dolaşır ki, virus canlı orqanizmdə olur, canlı hüceyrədə inkişaf edir və ölmüş insanda hansı virus ola bilər ki, başqalarına keçsin? Bəs görəsən, fikirlər nə dərəcədə real ola bilər? Və COVİD-19-dan dünyasını dəyişənlər hansı qaydada dəfn edilməlidir?
Sualımızı cavablandıran infeksionist Süleyman Kamilov deyir ki, insan öləndə, onun orqanizmində virus inkişaf etmir, amma virus bir müddət ölən şəxsin tənəffüs yollarında və dəri səthində qala, sağlam insanları da bu virusa yoluxdura bilər: "Əslində, bütün viruslar canlı orqanizmdə - canlı hüceyrədə yaşayır. Orqanizm öləndən, həyat qabiliyyətini itirdikdən sonra virus orda yaşaya bilmir. Amma insan ölsə də, bir müddət onun tənəffüs yollarının selikli qişasında, bədənin müxtəlif yerlərində, dəridə, xüsusilə, üz nahiyəsində qala bilir. Bu səbəbdən də sağlam insanlara, ölmüş şəxsdən virusun keçmə ehtimalı var”.
İlahiyyatçı-alim Hacı Atif İsmayılov COVİD-19-dan dünyasını dəyişənlərin hansı qaydada dəfn edilməsi məsələsinə aydınlıq gətirib. İlahiyyatçı-alim bildirib ki, koronavirusa yoluxduğu üçün vəfat edən insanların dəfni üçün xüsusi qayda yoxdur:
"Koronavirusdan vəfat edən insanların sadəcə olaraq nəşi gigiyenik və sanitar qaydalara uyğun dəfn edilməlidir. İslam qaydalarına görə, meyit mütləq kəfənlənməlidir.
Bundan sonra həmin şəxsin nəşi öz doğmaları tərəfindən karantin qaydalarına əməl edilməklə dəfn edilə bilər. Şəriətimizdə hər hansısa insan dünyasının dəyişərsə, dinimizin qoyduğu bir neçə vacib əməllərin yerinə yetirilməsi mütləqdir.
Bir çox dini alimlərimiz də yeni yayılmış xəstəliklə bağlı ehtiyatı nəzərə alaraq, maksimum dərəcədə vacibatların yerinə yetirilməsini məqsədəuyğun hesab edir. Dünyasını dəyişən insanın dəfni və yuyulması vacibdir.
Onlardan savayı əməllər isə müstəhəbdir. Məsələn, meyitin başına toplaşmaq, onu kütləvi dəfn etmək müstəhəb əməl hesab olunur. Yəni onları icra etməmək şəriət qanunlarına görə günah hesab olunmur.
Koronavirusdan dünyasını dəyişmiş insanlar da islam dininin qaydalarına uyğun olaraq başqa müsəlmanlar kimi dəfn edilə bilər. Amma tövsiyəmiz bundan ibarət ola bilər ki, maksimum dərəcədə sanitar-gigiyenik qaydalara əməl edilsin".