"Tədbirli olun, özünüzü qoruyun, amma özünüzü qorxuya və panikaya təslim etməyin"
“Koronavirus qorxusundan ölənlərin sayı bəlkə də koronavirusun öldürdüyü insanların sayından daha çoxdur”.
Bu sözləri motivator Sahil Hüseynov “Şərq”ə açıqlamasında deyib. S.Hüseynov bildirib ki, koronavirusla mübarizə aparmaq olduqca vacib və həyati əhəmiyyətlidir:
“Amma bu mübarizə, insanları qorxutmaqla yox, maarifləndirməklə aparılmalıdır. Hər kəsə bir motivator kimi müraciət edirəm ki, bilin ki, virus qorxusu ilə yaşamaq ən azı virusun özü qədər təhlükəlidir. Tədbirli olun, özünüzü qoruyun, amma özünüzü qorxuya və panikaya təslim etməyin. Yadda saxlayın ki, koronavirusla mübarizədə pozitiv əhval ruhiyyədə olmaq, ən azı maska taxmaq, sosial məsafə saxlamaq və gigiyena qaydalarına əməl etmək qədər vacib və faydalıdır. Odur ki, qeyd olunan üç qorunma vasitəsinə pozitiv düşüncəni də əlavə edin”.
"Duyğu Terapiya Seansı"ma müraciət edənlər arasında koronavirus qorxusu səbəbindən müraciət edən insanların yetərincə çox olduğunu vurğulayan motivator əlavə edib ki, bu məsələdə insanları panikaya salmaq düzgün deyil:
“Qorxu səbəbindən müxtəlif xəstəliklər tapan insanlar var. İlk növbədə qorxudan ürək-damar xəstəlikləri, şəkər və.s kimi xəstəliklərin artma dalğasını da düşünmək lazımdır. Əks halda bunun altından çıxa bilməyəcəyik”.