NARAZILIQ ! - “Hanı sizin testiniz, dərmanlarınız...?" – Yoluxan çox, imkan da yox ! “ 

Əziz Əlibəyli:“ “Facebook”, digər sosial şəbəkələr vergi ödəyicisi olan, imdad diləyən insanlarla doludur” 

Famil Fərhadoğlu:“Bir jurnalist kimi xəstəxanada yer tapmıram. Daha kimlərə zəng vurmamışıq” 

Natiq Cəfərli: “Təkcə testlər yox, dərman qiymətlərinin də baha olması yolverilməzdir”


Son günlər ölkəmizdə COVID-19-a yoluxanların sayı artmaqda davam edir. Yaranmış vəziyyət vətəndaşlarda ciddi narahatlıq doğurub. Bir çoxları özündə virusun hansısa simptomunu hiss etməsə də, koronavirus testindən keçmək istəyir. Lakin əhali arasında narahatlıqla bərabər bəzi narazılıqlar da var.Bunlardan biri testin, eyni zamanda dərmanların qiymətində artımların olmasıdır.

Vətəndaşlar iddia edir ki, ölkəmizdə koronavirusla bağlı vəziyyət kritik həddə çatandan bəri   dərman preparatları kəskin şəkildə bahalaşıb. Koronavirus testindən keçə bilmədiyi üçün şikayətlənənlər də az deyil. Tanınmış ictimaiyyət nümayəndələri də mövcud durumdan gileylənirlər.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis  Əziz Əlibəyli məsələ ilə bağlı Feysbuk səhifəsində paylaşım edib:

““Müalicə almaq hər kəsin təbii haqqıdır. Səhiyyə xidməti göstərmək isə müvafiq qurumların konstitusion vəzifəsidir.

Bu nə biabırçılıqdır? “Facebook”, digər sosial şəbəkələr vergi ödəyicisi olan, imdad diləyən insanlarla doludur. Hanı sizin əlçatımlı testiniz, dərmanlarınız, arbidolunuz?”.

Koronavirusa yoluxmuş jurnalist Famil Fərhadoğlu da sözügedən hadisə ilə bağlı narahatlığını ifadə edib:

“Ciyərimdə 35 faiz buzlu şüşə aşkarlandı. Mən bir jurnalist kimi xəstəxanada yer tapmıram. Daha kimlərə zəng vurmamışıq. Səhiyyəmiz bərbad gündədir”.

İqtisadçı-ekspert Natiq Cəfərli baş verənləri “Sherg.az”a dəyərləndirib. Ekspertin sözlərinə görə, bəzi vətəndaşların  COVİD-19 testindən pulsuz keçirilməsi lazımdır:

“Bu, çox vacibdir. Bəzi ölkələrdə, hətta qonşularımızda bu testin qiyməti bizə nisbətən dəfələrlə ucuzdur. Rusiyada müəyyən kateqoriyadan olanları, o cümlədən təqaüdçülər, çoxuşaqlı ailələri testdən pulsuz keçirirlər.

Eyni zamanda ailənin bir üzvündə testin nəticəsi pozitiv olubsa, digərləri dövlət hesabına yoxlanılırlar.

Qiymət isə bizim pulla təxminən 15-20 manatdır. Hesab edirəm ki, ölkəmizdə də analoji təcrübədən istifadə edilməlidir. Təkcə testlər yox, dərman qiymətlərinin də baha olması yolverilməzdir.

Səhv etmirəmsə, koronavirus testini ölkəyə bir neçə şirkət gətirir. Onların sərbəst fəaliyyətinə imkan yaratmaq, o cümlədən gömrük rüsumunu ləğv etmək lazımdır”.