Koronavirus artıq hər qapını döyür

Yoluxmanı əngəlləmək üçün iş saatlarının azaldılması ilə bağlı təklif müsbət qarşılanmalıdır

Qələbə paradından sonra karantin qaydaları mütləq sərtləşdiriləcək


Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar iş saatının azaldılması və işçilərin mütləq əksəriyyətinin onlayn qaydada işləməsi təklif edilir.
Bununla bağlı tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva təklif irəli sürüb. Y.Abıyeva bildirib ki, hazırda ölkəmizdə koronavirusun yayılması sürəti olduqca yüksəkdir. Son günlər ərzində sutkalıq yoluxma sayının 4000-i ötməsi yeni tədbirlərin görülməsini zəruri edir.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən özəl müəssisələrə də işçi sayında 30 faizlik limitin tətbiqi tövsiyə edilsə də, bir çox müəssisələr buna əməl etmirlər: "Biz müşahidə edirik ki, bir çox müəssisələrdə bütün işçi heyəti işə gəlir. Bundan başqa, onlar həmişə olduğu kimi adi iş rejimində çalışırlar. Buna görə də təklif edərdim ki, pandemiya dövründə işçilər səhər 9-dan axşam 6-ya kimi 9 saat deyil, gün ərzində heç olmasa, 5-6 saat işləsinlər. Çünki bu, həm işçilərin işə növbə ilə gəlməsinə imkan yarada, bir otaqda olan və gündəlik olaraq, bir-biri ilə təmasda olmağa məcbur olan işçilərin sayını azalda bilər.

Digər tərəfdən, gün ərzində çox işləmək insanın immunitetini aşağı salır. Gərgin iş saatında işləyənlər üçün isə stres immuniteti aşağı salan ən birinci amil sayıla bilər. İmmunitetin aşağı düşməsi isə insanları virusa daha tez yoluxdurur".
Hazırkı dövrdə işçilərin məsafədən, yəni onlayn qaydada işləməsinin daha düzgün olduğunu deyən Y.Abdiyeva qeyd edib ki, informasiya texnologiyalarının inkişaf etdiyi indiki dövrdə bunu bəzi sahələr istisna olmaqla, bir çox yerlərdə tətbiq etmək olar.

Mütəxəssis bildirib ki, Azərbaycanda ən yüksək yoluxma sayının qeydə alındığı ərazi Bakı şəhəridir. Eyni zamanda, iş yerlərinin çoxu da bu şəhərin payına düşür. Buna görə də ilk Bakı şəhərində işçilərin onlayn qaydada işləməsi təmin edilməli, burada çalışanların iş saatı qısaldılmalıdır.

Mütəxəssisin təklifini müsbət dəyərləndirən Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, xüsusi hallarda iş rejiminə dəyişiklik edilməsi, iş saatlarının azaldılması praktikası dünyada mövcuddur: 

- Ağlabatan təklifdir. Bilirik ki, Nazirlər Kabineti pandemiya təhlükəsinin hələ ilk vaxtlarında işçi heyətin, əməkdaşların 30 faizinin işə cəlb edilməsinə dair qərar və tövsiyələr qəbul etdi. Amma təəssüf ki, buna əməl edənlərlə yanaşı, əməl etməyənlər də oldu, bu gün də var. Görürük ki, bəzi kommersiya qurumları, şirkətlər, hansısa müəssisələr NK-nın qərar və tövsiyələrinə laqeyd yanaşır, işçiləri tam heyətlə çağırırlar. Halbuki, NK-nın qərarı təkcə dövlət müəssisələrinə aid deyil, ümumilikdə bütün işəgötürənlərə, istər dövlət sektoru olsun, istərsə də özəl sektor, hamıya aiddir. Xəstə işçinin, virus daşıyıcısının işə cəlb edilməsi cinayətdir və bunu edən şəxs CM-nin 139.1 maddəsi ilə cinayət məsuliyyəti daşıyır. Qanunları pozan, tövsiyələrə laqeyd yanaşanlar da arxalarında duranlara güvənirlər. Nəticə də göz önündədir. Yoluxma sayı getdikcə artır. Mütəxəssisin təklifi müsbətdir. Hesab edirəm ki, iş saatlarının azaldılması ictimai nəqliyyatdakı sıxlığın azalmasına səbəb ola bilər. Ancaq bu məsələ sistemli şəkildə həllini tapmalıdır. Hazırda işləyənlərin böyük əksəriyyəti səhər saat 09:00 radələrində işə gedir, axşam 18:00 radələrində işdən çıxır. Əgər iş saatları azalsa, axşam saat 6-da deyil, 5-də, ya 4-də işdən çıxsalar, indi də bu saatlarda ictimai nəqliyyatda sıxlıq olacaq. Əgər biz iş vaxtının azaldılmasını pik saatlara görə ediriksə, elə etməliyik ki, bu dəfə də pik saatların vaxtı dəyişməsin. Ona görə də bu məsələdə diferensasiya tətbiq edilməlidir. İş saatları işçilər arasında bərabər bölünməlidir. Bir qisim işçi səhər 9-da gəlib, tutalım, günorta 2-də işdən çıxmalıdır, bir qisim işçi isə günorta 12-də gəlib, axşam 4-də, ya da 5-də işdən çıxmalıdır. Belədə iş saatları da bərabər bölünər, ictimai nəqliyyatda da sıxlıq nisbətən azalar. 

- S.Məmmədov metronun açılmasının əleyhinə olduğunu dedi, lakin ictimai nəqliyyat probleminin də hansısa alternativ vasitələrlə həll edilməsinin vacibliyini vurğuladı: 

- İctimai nəqliyyatın yükünün azaldılması üçün tədbir görülməlidir. Müəssisələr, şirkətlər, idarələr əməkdaşlarının işə gəlib-getməsi üçün nəqliyyat vasitəsi ayıra bilər. İşəgötürənlər işçilərin alternativ nəqliyyat vasitələriylə daşınmasını təmin etməlidir. Əməkdaşların sayının azaldılmasına dair Nazirlər Kabinetinin müvafiq qərarı var, amma bu məsələdə tam nəzarət mümkün deyil. Bu artıq işəgötürənin vicdanına qalır. İşəgötürən sistemli şəkildə qrafik tərtib edib əməkdaşların növbəli şəkildə işə cəlbini təşkil etməlidir. Amma etmirlərsə, fikrimcə, Nazirlər Kabineti təkcə dövlət müəssisələri ilə bağlı deyil, eyni zamanda özəl sektorla bağlı da tövsiyə deyil, birbaşa qəti qərar da verə bilər. NK-nın buna səlahiyyəti var. Çünki faktiki fövqəladə hal, hərbi vəziyyətdə yaşayırıq. Hazırda regionda ən yüksək yoluxma sayı bizdədir. Aktiv xəstə sayı 60 minə yaxınlaşır. Pandemiya özünün ən aktiv fazasındadır. Bunun qarşısını almaq üçün sərt tədbirlərə əl atılacaq yəqin. Düşünürəm ki, Qələbə paradından sonra karantin qaydalarında daha bir neçə sərtləşmələr olacaq.