Küçədən evə paltar və ayaqqabılarla koronavirusu gətirib kimisə yoluxdurmaq olmur
COVİD-19 insandan insana ötürülə bilən xəstəlikdir. Virus yoluxmuş insanın öskürməsi və ya asqırması zamanı xaric olan kiçik damcılar vasitəsilə yayılır. Bu damcılar insanları əhatə edən müxtəlif əşyaların üzərinə düşür. Sağlam insanlar belə əşyalara və sonradan göz, burun və ağız nahiyəsinə toxunaraq virusa yoluxa bilərlər. Həmçinin, tərkibində virus olan damcılar nəfəs alma zamanı birbaşa insanların tənəffüs yollarına düşərək onları yoluxdura bilər. Bəs əşyalar üzərindən koronavirus insan bədəninə necə keçir?
Sualımızı cavablandıran həkim-anestezioloq Şahin Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, əşyalardan koronavirusa yoluxma yalnız teoretik olaraq mümkündür. Həkimin sözlərinə görə, realda isə bu, həddən artıq az hallarda baş verə bilər:
“Hətta qapıların tutqacı, telefon, elektrik yuvasında və s. dezinfeksiyanın önəmi elə də yoxdur. Yalnız xəstə harasa asqırıb ya öskürübsə, gözlə görünən çirklənmə-damcılar varsa, həmin yeri dezinfeksiya etmək lazımdır. Küçədən evə paltar və ayaqqabılarla koronavirusu gətirib kimisə yoluxdurmaq olmur. Müəyyən saat müddətinə onların üzərində COVİD-19 virusunun RNT-sini aşkar etmək, o demək deyil ki, onlar xəstəlik törətmək qabiliyyətini saxlayıblar. Virus hava, damcı və əl ilə keçir. Otağın havasını dəyişmək sadəcə yetərlidir. Səthlərdə olan virus RNT-si xəstəlik törədə bilsəydi, bilin ki, cibinizdəki pulun üstü dolu koronavirusla doludur. Yəni koronavirus sadəcə pul ilə yayılsaydı, indi Yer kürəsində hamı COVİD-19-a yoluxmuş olardı”.