Daxili işlər orqanları COVID-19 xəstələrinin özünütəcrid qaydalarına riayət etməsi nəzarətdə saxlanılmaqla aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstələri olan 25 yaşlı Kənan Budaqov, 50 yaşlı Məryəm Əliyeva və 29 yaşlı Oruc Məmmədov, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən isə 56 yaşlı Gülnarə Quluzadə ictimai yerlərdə müəyyənləşdirilərək saxlanılıblar.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb. Onlar barəsində toplanan materiallar müvafiq rayon polis idarələrinin istintaq şöbələrinə göndərilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
Məsələyə münasibət bildirən psixoloq Zeynəb Eyyubova "Şərq"ə açıqlamasında vurğulayıb ki, COVID-19 xəstələrinin özünütəcrid qaydalarına riayət etməməsinin başlıca səbəbi ölkədə insanların maarifləndirilməsinin lazımi səviyyədə aparılmamasından irəli gəlir. Psixoloq qeyd edib ki, insanlar yaradılış etibarilə qadağan olunanı etmə marağında olurlar:
“Ümumiyyətlə, ölkəmizdə bir müddət əvvəl kütləvi qapanmaların olması insanların əsəblərini bir növ tarıma çəkdi. Buna görə də insanlar qaydalara riayət etməkdə maraqlı deyillər.
Məsələn, küçəyə çıxanda görürük ki, insanlar polis görəndə maskalarını qaldırırlar, amma olmayanda isə çənələrində saxlayırlar. Yəni insanlar bunu məsuliyyətli şəkildə deyil, özlərini maddi itkidən qorumaq üçün edirlər.
Həkimlərin də bu barədə rəyləri birmənalı deyil. Çünki bəzi həkimlər maskanın lazımlı olduğunu, bəziləri isə əksinə, faydasız olduğunu deyirlər.
Bir yandan həftənin beş günü hər yerin açıq olması, şənbə, bazar günləri isə hər yerin qapalı olması ancaq marketlərin açıq olması bir növ insanlarda koronavirusa qarşı inamsızlıq formalışdırır.
Yəni kassalarda tıxacların yaranması və sair cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ümumiyyətlə, deyərdim ki, nəinki bizim cəmiyyət, dünya bu problemlə ilk dəfədir rastlaşır. Ona görə də cəmiyyət koronavirusa qarşı birmənalı adekvat cavab verə bilmir”.