Kompüterin arxasında işləyənlər 20 dəqiqədən bir fasilə verməlidir
Azərbaycanda son 14 il ərzində göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb. 2005-ci ildə Azərbaycanda 29 304 nəfər gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkib. 2019-cu ildə isə bu say 80 393-ə yüksəlib. Bu xəstəlik 18 yaşadək uşaqlar arasında geniş yayılıb.
2005-ci ildə 14 806 nəfər uşaq gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkdiyi halda, 2019-cu ildə bu say 42 170-ə çatıb. Gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkən uşaqların 32 236 min nəfərinin yaşı 13-dəkdir. Qeyd edək ki, 13 yaşadək uşaqlar arasında gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı son 14 ildə 2 dəfəyə yaxın (2005-ci ildə 17 636 nəfər) artıb.
Həkim oftalmoloq-cərrah Ergün Rəşidəlizadə “Şərq”ə açıqlamasında bildirib ki, son zamanlar ölkəmizdə bütün yaş kateqoriyaları arasında göz xəstəliklərinin sayı kəskin şəkildə artmaqdadır. Həkim vurğulayıb ki, xüsusilə son aylar ərəfəsində azyaşlı uşaqlar arasında şikayətlərin sayı çoxalıb:
“Bunun bir çox səbəbləri var. Birincisi, mobil texnologiyaların sürətli inkişafı buna ilk növbədə zəmin yaradır. İkincisi isə məlum səbəbdən ənənəvi təhsil sisteminin distant təhsillə əvəzlənməsi, o cümlədən təhsilin qəlizləşməsi uşaqların görmə qabiliyyətinə mənfi təsir göstərməkdədir. Bildiyimiz kimi, monitorlar, mobil telefonlar, planşetlər, smartfonlar həyat və məişətimizə texniki üstünlüklər qazandırmaqla yanaşı insan sağlamlığına, başlıca olaraq görmə orqanına təsirsiz ötüşmür. Belə ki, kompüterdən mütəmadi və uzun zaman istifadə etdikdə rentgen şüaları təxminən 55-60 faiz hallarda gözdə problemlər yaradır.
Kompüter arxasında uzun zaman işləmək məcburiyyətində qalanların hər 20 dəqiqədən bir fasilə verməsi tövsiyə olunur. Təəssüf ki, bu qaydaya əməl edənlər ya heç yoxdur, ya da çox azdır”.