Virus ağciyərlərdəki xemoreseptorları blok etdiyindən, ağırlaşan xəstələrdə şikayətlər özünü gec büruzə verə bilər
"Artıq elmi cəhətdən sübut edilib ki, 5 faiz kritik ağırlaşan COVID-19 xəstələrin xromosomlarında immunitetlə bağlı genetik problem var. Daha 5 faiz xəstələr orta ağır gedişli olur, düzgün müalicə ilə sağalır. Yerdə qalan 90 faiz xəstəliyi yüngül keçirir, qorxmayın, amma qorunun".
Bunu ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev "Şərq"ə açıqlamasında deyib. O, COVID-19-la bağlı bir neçə vacib nüansları bildirib.
Həkim qeyd edib ki, COVID-19 xəstəliyini törədən koronavirus ağciyərlərdəki xemoreseptorları blok etdiyindən, ağırlaşan xəstələrdə şikayətlər özünü gec büruzə verə bilər:
"Ona görə də ağciyər zədələnməsini obyektiv qiymətləndirmək üçün öncə saturasiya ölçülməlidir, saturasiya azalıbsa, KT müayinəsi məsləhətdir.
Əgər virus nazal, oro-farinqeal, traxeo-bronxial, alveolo-kapilyar baryerləri keçirsə, virusemiya başlayır, bu zaman əksər orqanların damarlarında endotel qişası zədələnir və tromboz ehtimalı artır. Koronavirus endotel hüceyrələrini sevir".
Həkim bildirib ki, ağır COVID-19 xəstələrində müvafiq qan testlərinin müşayiəti ilə mütləq şəkildə antikoaqulyant (lazım gələrsə trombolitik), antiinflamator müalicə aparılmalıdır:
"Uşaqlarda T-hüceyrələr çox olduğuna görə onlar yoluxarkən və xəstələnərkən bu mərəzi çox yüngül keçirirlər. Yanaşı ciddi xəstəliyi olmayan uşaqlara görə qorxmayın".