Duzdan az istifadə olunmalı, qızartma yeməklərdən uzaq durmalısan
Hər gün dünyanın müxtəlif ölkələrində açıqlanan məlumatlar göstərir ki, koronavirus hər yerdə sürətlə yayılmaqda davam edir. Aparılan mübarizə tədbirləri isə hələ də vəziyyəti yaxşılığa doğru dəyişə bilmir. Əksinə, ötən hər gün virusa yoluxma sayında yeni rekord müəyyən edilir. Səhiyyə Nazirliyinin evdə müalicə ilə bağlı açıqladığı qaydalara əsasən yoluxma halı təsdiqlənərsə, xəstəliyi yüngül formada keçirən şəxslər həkim rəyinə əsasən, yaşadıqları və ya olduqları yerdə təcrid olunur və onların üzərində tibbi müşahidə həyata keçirilir. Bəs evdə müalicə alanlar bu müddətdə necə qidalanmalıdır?
Sualımızı cavablandıran həkim-anestezioloq Şahin Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, qida mütləq təzə olmalıdır. Həkimin sözlərinə görə, yaxşı olar ki, ev yeməyi olsun:
“Əgər güvəndiyiniz restorandan yemək sifariş edirsizsə, çatdırılma xidmətinin də keyfiyyətinə fikir verin. Qida 60 dərəcədən yuxarı və 5 dərəcədən aşağı temperaturda təhlükəsiz sayılır. Yeməkdə duz azaldılmalıdır. Gündəlik 5 qramdan az duz istifadə olunmalıdır. Çünki bu xəstəlikdə ən pis qidalar duzlu qidalardır. Şirniyyat olmaz.
Gündəlik enerjinin cəmi 5 faizi şirniyyat olmalıdır. Əgər ürəyiniz şirin nəsə istəyirsə təzə meyvə yeyin. Meyvələrdən banan daha çox məsləhətdir, amma xəstədə böyrək çatışmazlığı varsa, bu qida olmaz.
Qızartma yeməklər olmaz, sulu yeməklərə üstünlük verilməlidir. Qırmızı ət, yağlı ət məsləhət deyil. Yaxşı olar ki, dərisiz toyuq əti supu, buxarda bişmiş balıq əti olsun. Toyuq şorbasının qrip əleyhinə, iltihab əleyhinə təsiri vardır, anti neytrofil təsiri soyuq xəstəliklərinin simptomlarını azaldır”.
Həkim vurğulayıb ki, qida rasionunda tərəvəzi artırmaq vacibdir:
“Amma sizə köp verən qidaları yemək olmaz, çünki bu, tənəffüsü daha da çətinləşdirə bilər. Çuğundur, nar şirəsi içmək tövsiyə olunur. Evdə fiziki aktiv olmaq əsas şərtdir. Otaqda olsanız belə içəridə çoxlu gəzişməyə çalışın. Həmçinin kofeinli, spirtli içkilər olmaz. İçkilərin ən gözəli adi sudur və onun içərisinə limon sıxmaq və bol miqdarda içmək gərəklidir. Doşab, zoğal, moruq mürəbbəsi, kəklikotu çayından da bol miqdarda istifadə məsləhətdir.