Azərbaycanda tibbi sığortanın tətbiqinə niyə başlanılmır? - Real izah    

"Çünki səhiyyə təminatı və xidməti yüksək səviyyədə deyil"

"Bu da bir çox idarəedicilərin funksiyalarının təkrarlanmasından irəli gəlir”

"Əslində Gürcüstan modeli kimi ƏƏSMN, Səhiyyə Nazirliyi və Pensiya Fondu bir yerdə cəmlənməlidir  ki, büdcəsi də normal təmin edilsin"


Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Qərarına dəyişiklik edilib. Qərara əsasən, tibbi sığorta haqları “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na daxil edilib. Büdcə gəlirlərinin təsnifatında “Sosial ayırmalar” sözləri “Sosial və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilib. Müvafiq qərara əsasən, büdcə gəlirlərinin təsnifatına köməkçi bölmələr əlavə edilib.

Eləcə də, sosial və icbari tibbi sığortaya ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq, sosial təminata, sosial ehtiyaclara, işsizlikdən sığortaya və icbari tibbi sığortaya ayırmalara bölünüb.




Dəyişikliklə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, əslində icbari tibbi sığorta büdcəyə yük olan maddədir. Çünki dövlət 18 yaşına qədər olan vətəndaşlarını, eyni zamanda 65-dən yuxarı yaşı olanları, həmçinin hərbçiləri icbari tibbi sığorta etməlidir:

“Bu xərclər üçün dövlət büdcəsindən böyük vəsait tələb olunur. Təbii ki, özəl şirkətlər də işçilərini icbari tibbi sığorta etmək məcburiyyətində qalırlar. Bu isə az vəsait deyil. Ona görə də dövlət ilkin olaraq nəzarəti əlinə alıb, bu işi həyata keçirməlidir. Çünki tibbi ehtiyacları yaranan kateqoriyanın- daha çox pensiya və 18 yaşına çatanların sağlamlığı vacibdir. Bunu topladıqda böyük rəqəmlər alınır”.

İqtisadçı hesab edir ki, indiyə qədər ölkəmizdə icbari tibbi sığortanın tətbiq olunmamasının səbəbi səhiyyə idarəçiliyində, sosial müdafiə sisteminin doğru-düzgün olmamasından irəli gəlir:

“Gürcüstanda Nazirlər Kabineti çox dinamikdir. Orada Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Pensiya Fondu və Səhiyyə Nazirliyi əslində bir nazirlikdə cəmləşib. Bu nazirliyin büdcəsi ən azı dövlət büdcəsinin xərclər hissəsinin təqribən yarısına bərabərdir. Bizdə isə səhiyyə xərcləri dövlət büdcəsinin 5-6 faizini təşkil edir. Gürcüstanla müqayisədə bu rəqəm çox aşağıdır. Çünki Gürcüstanda müxtəlif kateqoriyadan olan vətəndaşlar dövlət hesabına pulsuz müayinə və müalicə haqqına malikdir.

Təəssüf ki, ölkəmizin iqtisadi və sosial təminatı ürəkaçan deyil, ciddi islahatlar aparılmalıdır. Əslində Gürcüstan modeli kimi Əmək və Sosial Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və Pensiya Fondu bir yerdə cəmlənməli və idarə olunmalıdır ki, büdcəsi də normal təmin edilsin.

Dövlət özü maaş verdiyi şəxsləri, həmçinin hərbçiləri icbari tibbi sığorta edir. Lakin fakt budur ki, hərbçilərin müalicəsi ictimaiyyətin üzərinə düşür, bununla bağlı bəzi yazıları sosial şəbəkələrdən çox görürük. Ölkəmizdə səhiyyə təminatı və xidməti yüksək səviyyədə deyil. Bu da bir çox idarəedicilərin funksiyalarının təkrarlanmasından, səlahiyyətlərin düzgün müəyyən olunmamasından irəli gəlir”.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə bir neçə dəfə təşəbbüs göstərildiyini deyən ekspert vurğulayıb ki, bu sahəyə rəhbərlik edənlər islahatlar zamanı “tormoz” funksiyasını yerinə yetirirlər:

“Nə qədər çox razılaşdırma olursa, bir o qədər də qərarların tətbiq olunması gecikir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi çox vacibdir. İlk növbədə dövlət büdcəsindən maliyyələşən şəxslərin, gənclər və pensiyaçıların icbari tibbi sığortası lazımdır. Bu sahədə monopoliya aradan qaldırılmalı və səhiyyə institutları inkişaf etməlidir.

Özəl sektor daha çox çalışmalı, onların fəaliyyəti üçün olan məhdudiyyətlər aradan qaldırılmalıdır. Çünki ümumi iqtisadiyyatda olan məmur sahibkarlığı və monopoliya istənilən sahənin inkişafını əngəlləyir”.