"... Virusa yoluxmanın qarşısı tam alınacaq"

Köln Universitetinin doktoru: "Peyvəndlərin hazırlanmasında və tətbiqində ən vacib amil selikli qişa immuniteti yarada bilməkdir"


“Təəssüflər olsun ki, son günlər Azərbaycanda tətbiqi gözlənilən peyvəndlər haqqında söylənən fikirlər təşvişə və narahatçılığa səbəb olub. İlk olaraq bildirim ki, maarifləndirmə işlərinin televiziya kanallarında mütəmadi aparılması vacibdir. Verilişlərdə peyvəndlərin təsir mexanizminə, immun sistemdəki roluna və istehsalındakı incə məqamlara toxunmaq lazımdır ki, insanlar hər şeyi dəqiq bilsin. Maarifləndirmə işlərinin bu şəkildə aparılmaması da müəyyən narazıçılığa, əndişəyə səbəb olmaqdadır”.

Bu sözləri “Şərq”ə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib. Tibb elmləri doktoru qeyd edib ki, elmi arenada peyvəndlə bağlı hələ 8 ay bundan öncə Pekində aparılan elmi tədqiqat ən çox diqqət çəkən və müzakirə olunanlar arasında olub:

“Tədqiqatda araşdırma yalnız orqanizmin bu peyvəndi necə qəbul edəcəyi istiqamətində deyil, bununla bərabər, peyvəndin COVID-19 virusuna necə təsir edəcəyi barədə aparılıb. Bu araşdırma, ölmüş virusdan hazırlanmış peyvəndlər, məsələn, tetanus əleyhinə olan peyvənd kimi, 8 meymun üzərində aparılıb. Peyvəndin meymunlar üzərində sınağının uğurlu olmasından sonra insanlar üzərində də sınağına və tətbiqinə başlanılıb. Burada da nəticələr uğurla yekunlaşıb.

Artıq bir neçə ölkə də bu peyvəndin tətbiqinə başlayacaq. Son elmi ədəbiyyatlarda göstərilirdi ki, bu cür hüceyrə kulturasında yetişdirilməklə və sonradan öldürülərək hazırlanmış peyvəndlərin yaratdıqları güclü immun reaksiya müvafiq ağırlaşmalara səbəb olur. Məhz buna görə də Amerika və Avropa ölkələri ilkin mərhələdə bu üsulla peyvənd hazırlanması yolu ilə getmədi".

Azərbaycanlı alim bildirib ki, bu növ peyvəndlərin hazırlanması və istehsal konsepti digər peyvənd növlərinə görə çox sadədir:

“Belə peyvəndlərin üstünlüyü odur ki, klinik tədqiqata başqalarına nisbətən çox tez başlamaq imkanı var. Belə də oldu. Kliniki tədqiqatdan sonra isə peyvəndin gözlənilən neqativ immun reaksiyası və ağırlaşması inkar edildi. Buna görə də, ölkələrdə satılma imkanı yarandı. Amma bu inkar edilən immun reaksiyalar və ağırlaşmalar nə qədər reallığı əks elətdirir? Bunu peyvəndin elmi ədəbiyyata daxil olan araşdırmasına baxdıqdan və milyonlarla insan üzərində tətbiqindən sonra dəqiq deyə bilərik. Bildirmək istəyirəm ki, peyvəndlərin hazırlanmasında və tətbiqində ən vacib amil selikli qişa immuniteti yarada bilməkdir ki, bu zaman da virusa yoluxmanın qarşısı tam alınacaq. Bu cür tam təhlükəsiz peyvəndlərin hazırlanması isə hələ bir neçə ay zaman alacaq ki, bu da Çində hazırlanan peyvəndlərdən fərqli olaraq ikinci nəsil peyvəndlərə aid edilir”.