Koronavirus qorxu və panika ilə birləşəndə yenilməz olur
Virusdan dünyasını dəyişmiş insanlarla bağlı sosial mediada paylaşımlar etmək doğru deyil
“Xəbər saytları vaxtaşırı olaraq, ayrı-ayrı iş adamlarının, yaxud hansısa icra hakimiyyətində hansısa şöbənin müdirinin "COVİD-19" səbəbi ilə ölməsi xəbərini ayrıca başlıq edib yayması insanlarda əlavə stress yaratmaqdan başqa bir şey deyil. Onsuz da hər gün statistika verilir, nə fərqi var ki, ölənlər arasında hansısa şöbə müdiri olub, ya təqaüdçü bir insan? Hər biri bizim vətəndaşlardır”. Bu sözləri həkim-nevroloq Pərviz Axundov səxsi media hesabında yazıb.
Məsələyə münasibət bildirən motivator Sahil Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, koronavirus səbəbindən dünyasını dəyişən şəxslərin, xüsusən də tanınmış şəxslərin sosial mediada paylaşılması düzgün deyil. Motivator qeyd edib ki, paylaşım yarışına girən şəxslərə tövsiyə edərdim ki, bunu etməsinlər:
“Bu paylaşımların rəhmətə gedən insan üçün heç bir faydası yoxdur. Amma insanlar üçün zərəri çoxdur. Bununla insanların təşviş və qorxu içində saxlanmasına kömək etmiş olursunuz ki, bu da koronavirusdan heç də az təhlükəli deyil. Çünki koronavirus qorxu və panikayla birləşəndə yenilməz olur”.
S.Hüseynov əlavə edib ki, virusun təklikdə yenilmə şansı daha yüksəkdir:
“Ola bilsin ki, dostluğunuzda koronavirusdan müalicə alan şəxs və ya şəxslər olsun. Siz virus səbəbiylə rəhmətə gedən insanları paylaşdıqca qorxu və panika həmin insanların canına keçir.
Nəticədə onların immun sistemləri çökür və insanlar koronavirusa yenilirlər. Dostluğunuzda olan öz qohumunuzu, ailə üzvünüzü belə qorxu və panikaya təslim edə bilərsiniz.
O üzdən diqqətli olmaq vacibdir. Rəhmətə gedən insanların ailə üzvlərinə telefonla zəng edib başsağlığı vermək ən doğru seçimdir. Sağlığında əksəriyyət bir-biri haqqında bir xoş söz belə paylaşmağı ağlının ucundan belə keçirmir.
Amma elə ki, tanışlarından kimsə rəhmətə getdi, bütün yaradıcılıq potensiallarını səfərbər edib başlayırlar təsirli başsağlığı, nekroloqlar yazmağa. Bu, heç kimə lazım deyil! İndiki halda hətta zərərli və təhlükəlidir”.