Təəssüflər olsun ki, hələ də Rəqəmsal Milli Səhiyyə Platforması ortada yoxdur
"Hansı ki, hər bir xəstə haqqında müxtəlif tibb müəssisələrindən daxil olan məlumatlar burada cəmləşməliydi"
“Ölkədə rəqəmsallaşmanın ən zəif getdiyi sahələrdən biri səhiyyə sistemidir. Qəribəsi odur ki, ölkə üzrə hələ də vahid bir tibbi platforma, bütün maraqlı tərəfləri özündə birləşdirən - Rəqəmsal Milli Səhiyyə Platforması ortada yoxdur. Hansı ki, hər bir xəstə haqqında müxtəlif tibb müəssisələrindən daxil olan məlumatlar burada cəmləşməliydi”.
Bu sözləri “Şərq”ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, belə bir sistem formalaşdırılsa vətəndaşlar daha rahat, elektron formada həkim qəbuluna yazıla bilərdi və bütün tibb xidmətləri daha əlçatan olardı: “Burada hər bir vətəndaş haqqında uzun illər toplanan informasiya əsasında həkimlər daha düzgün qərarlar verə bilərdi.
Toplanan dataları analiz etməklə daha effektiv həllər təqdim etmək olar. Bu platformanın apteklərə inteqrasiyası ilə elektron reseptlər sistemini işə salmaq olar. Bununla da xəstələrin bütün dinamikası izlənilə bilər. Lakin təəssüf ki, cavabdeh şəxslər uzun illər keçməsinə baxmayaraq bunu hazır etməyiblər. Səhiyyənin elektronlaşmasına ayrılan ictimai resursların əhəmiyyəti indiki çətin durumda gözə dəymir”.
O.Gündüz qeyd edib ki, bütün bunlara ilk növbədə Səhiyyə Nazirliyi və həmçinin TƏBİB cavabdehlik daşıyır:
“Səhiyyə sistemində rəqəmsallaşmaya və e-xidmətlərə dövlət nəzarəti zəif təşkil olunub. Vətəndaşlar ən elementar tibbi məlumatları, pulsuz xidmətlər və dərmanları haqqında, hansı həkimi və ya poliklinikanı seçə biləcəyi haqqında bilgiləri və ictimai əhəmiyyət kəsb edən tibbi xidmətləri rəqəmsal formada əldə edə bilmirlər. Xüsusən də, indiki anda vətəndaşa “COVİD-19”-la bağlı kömək ola biləcək, yoluxmuş vətəndaşlara düzgün qərarlar qəbul etməsi üçün yardımçı ola biləcək güvənli informasiyalar əlçatan deyil. Bununla belə, ölkədə eGov sahəsində cavabdeh qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin də bu sahədə fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Əgər Vətəndaş Cəmiyyəti xəstəxanalarda boş yerlərə onlayn ictimai nəzarət edə bilmirsə, dərmanların hərəkətinə nəzarət imkanı yoxdursa, bunun məsuliyyəti həm də eGov Mərkəzindədir. Görəsən, indiki çətin dönəmdə neçə nəfər SN və TƏBİB-in elektron xidmətindən istifadə edib? VXSİ Dövlət Agentliyi səhiyyə xidmətlərini monitorinq edibmi? Vətəndaş Cəmiyyəti üçün ictimai nəzarət imkanları yaradılmalıdır. Tibb sahəsinin ən elementar, ən klassik xidməti olan xəstəxanalarda elektron növbə sistemi yoxdursa, buna həm də eGov Mərkəzi diqqət yetirməli idi”.
O.Gündüz əlavə edib ki, səhiyyə sahəsi bəlkə də yeganə ictimai əhəmiyyət kəsb edən sahələrdən biridir ki, bir dəfə də olsun e-xidmətlərlə bağlı ictimai bir müzakirəyə rast gəlməyib.
Düşünürəm ki, eGov Mərkəzi Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə səhiyyə sistemində mövcud informasiya resurslarının auditini aparmalı, inteqrasiya imkanları müəyyən olunmalıdır. Dərhal rəqəmsallaşmaya start verilməlidir. Ən elementar tibb xidmətləri tez bir zamanda rəqəmsallaşdırılmalı və məlumatlar əlçatan edilməlidir. Əminəm ki, səhiyyə sistemində mövcud sistem və resursları rəqəmsallaşdırmaqla, dövlət nəzarətini gücləndirmək və ictimai nəzarət imkanları yaratmaqla COVİD-19-la daha effektiv mübarizə aparmaq mümkün olacaq”.