Türkiyədə koronavirus xəstələrinin müalicəsi zamanı tibb işçilərinə virusun yoluxma riskini azaldan filtr sistemi hazırlanıb.
Axar.az xəbər verir ki, İzmirdə 7 ay əvvəl yaradılan cihazdan istifadə uğurlu nəticə verib.
Bu aylar ərzində sistemdən istifadə edən tibb işçilərinin koronavirus infeksiyasına yoluxmadığı müşahidə edilib.
Həkim Kenan Can Ceylan deyib ki, əvvəllər reanimasiya şöbəsində yatan koronavirus xəstələrinin ağciyərlərində yığılmış su və hava drenaj üsulu ilə çıxarıldı. Bu zaman virus havaya yayılırdı və tibb işçilərinin virusa yoluxma riski artırdı. Odur ki, İzmirdə bir qrup cərrah drenaj proseduru zamanı virusun yayılma riskini aradan qaldıran bir filtr sistemi hazırladı: "Bu cihaz iki şüşə və bir filtrdən ibarətdir. Şüşələrdən biri xəstədən gələn sistemdir. Bu şüşəni ikinci şüşəyə əlavə etdikdən sonra ikinci şüşəyə spirtli-dezinfeksiyaedici maddə qoyuruq. Beləliklə, virusun havaya çıxmasının qarşısını alırıq".
Qeyd edək ki, yeni sistemin uğurlu olması barədə beynəlxalq tibb jurnalında da məlumat yer alıb.