“Bu növün müalicəsi yoxdur”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammı haqqında məlumatları müzakirə edəcək.
Bu barədə ÜST-nin Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge “Twitter” hesabında yazıb.
O qeyd edib ki, “ÜST-nin Avropa üzrə Regional Bürosu test strategiyalarını müzakirə etmək və (virusun) yoluxma risklərini azaltmaq üçün üzv ölkələri iclasa toplayacaq”.
Həmçinin bildirib ki, daha çox məlumat əldə edilməsinə qədər yayılmaya şərait yaradacaq səyahətləri məhdudlaşdırmaq məqsədəuyğundur.
Koronavirusun mutasiyaya uğramış yeni forması haqqında “Sherg.az”a danışan infeksionist-hepatoloq Nahid Kərimli bunun yaxşı əlamət olmadığını söyləyib:
“Çünki yenicə müalicəsi ilə məşğul olurduq. İstər öz üsullarımızla, istərsə də Ümumdünya Səhiyyə Təşkilatının protokolları ilə mübarizə davam etdirilirdi. Mutasiya olunmuş formasının öldürücü qabiliyyəti daha yüksəkdir.
Həm də ölümcüllük funksiyasının çoxalması virusun məhvinə gətirib, çıxarır. Yəni yoluxan insan yoluxdurma qabiliyyətinə malik olmur. Bu da yaxşı hal deyil. İkincisi müalicəsi yoxdur, çox ağırdır.
Geni dəyişən koronavirusun müalicəsi tamam başqa olmalıdır. Deyirlər, vaksinasiyadan sonra həmin yeni koronavirusa qarşı bir həftə immunitet yarana bilər. O da inandırıcı deyil. Təbii ki, izolyasiya tədbirləri düzgün görülsə, ikinci formasına da yoluxma az ola bilər.
Hələ ki, bizdə yoxdur. Lakin başqa dövlətlərdə var. Qorunmasaq, yoluxanlar da olacaq”.