Əmin ola bilərsiniz...

Bu virus heyvanlardan keçən nə ilk virusdur, nə də son

“Ona görə də şəhər əfsanələrindən uzaqlaşıb, düçar olduğumuz bu bəlanı elm yolu ilə anlamağa və yox etməyə çalışmalıyıq”


“Koronavirus meydana çıxdığı andan etibarən səhnədə konspirologiyalar göründü. Bunlardan bəzilərinə görə koronavirus Çini məhv etmək üçün yaradılıb, bəzilərinə görə Amerikanın məhv etmək üçün, bəzilərinə görə isə dünya əhalisinin sayını azaltmaq üçün. Hətta yaradılacaq vaksinin əslində daha güclü virus olacağını iddia edən insanlar da var idi”.

Bunu həkim-psixoloq Fuad Əsədov koronavirusun laboratoriyada yaradılıb, yaradılmaması ilə bağlı fikirlərini “Şərq”lə bölüşərkən deyib. F.Əsədov hesab edir ki, insanlarda görülən yeddi növ koronavirusun hamısı heyvan mənşəlidir və xüsusilə də yarasalarda çox rast gəlinir:

“Bundan başqa COVİD-19 ortaya çıxdıqdan etibarən bütün dünyada minlərlə elm adamı virusu laboratoriyada incələməyə başladı. Əgər bu virus insanlar tərəfindən yaradılsaydı, mütləq genetik materialında bir iz qalardı. Yəni virusun viral ardıcıllığında sonradan əlavə olunmuş, ya da silinmiş hissələr bəlli olardı. Deyə bilərsiniz ki, bəlkə elə professional işləyiblər ki, heç bir iz görünmür. Amma belə deyil. COVİD -19-un bütün genetik materialı əvvəlki koronaviruslarda da müşahidə olunur.

Aradakı fərqlər sadəcə təbii təkamülün nəticəsidir. Məsələn, COVİD -19 virusu “spike protein” quruluşuna sahibdir. Hansı ki, bunun vasitəsilə insan hüceyrələrinə bağlanır və infeksiya yaradır. Bu, daha əvvəlki koronaviruslarda da var. Sadə dildə desək, bir az daha zəif. Deməli, bu, təkamülün nəticəsidir, laboratoriyada əlavə olunmayıb”.

F.Əsədov qeyd edib ki, deyə bilərsiniz ki, bəlkə laboratoriyada elə ediblər ki, təkamül daha sürətlə gedib:

“Amma buna ehtiyac yoxdur. Koronaviruslar onsuz da yarasa immun sistemində həyatda qala bilmək üçün təkamül edirlər. Yarasa immuniteti də koronaviruslara qarşı dayanıqlı olmaq üçün təkamül edir.

Bu mübarizə nəticəsində də daha güclü koronavirus növünün ortaya çıxması təbiidir. Bunun daha bir sübutu isə RaTG13 adlı başqa bir yarasa virusu ilə COVİD-19-un genetikasının 96 faiz oxşar olmasıdır. Əmin ola bilərsiniz ki, bu virus heyvanlardan keçən nə ilk virusdur, nə də son.

Ona görə də şəhər əfsanələrindən uzaqlaşıb, düçar olduğumuz bu bəlanı elm yolu ilə anlamağa və yox etməyə çalışmalıyıq”.