Bir sahənin iki qolu: TƏBİB və Səhiyyə Nazirliyi - O da sınıq, bu da sınıq !

Son günlər ölkəmizdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətinə dair ciddi narazılıqlar var. Vətəndaşlar sosial şəbəkələrdə hər iki qurumun iş standartlarında böyük çatışmazlıqlar olduğunu bildirirlər. Onsuz da ölkəmizdə koronavirusla bağlı vəziyyət günü-gündən ağırlaşır. Sərt karantin rejiminə baxmayaraq, yoluxma və ölüm halları ürəkaçan deyil.
Belə bir zamanda iki qurum arasındakı fikir ayrılıqları günahsız insanlara əlavə problemlər yaradır.

Səhhəti ağırlaşan koronavirus şəxsləri TƏBİB və Səhiyyə Nazirliyinin fəaliyyətsizliyi nəticəsində qurbana çevrilirlər. Bir sözlə, nə həkim tapılır, nə təcili yardım maşını, nə də xəstəxanalarda yer. Vətəndaşların sualları cavabsız qalır. Dərmanların  apteklərdən yığışdırılaraq “qara bazar”da baha qiymətə satılması bu sahədəki durumun hansı vəziyyətdə olduğunu göz önünə sərir.



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu mövcud durumla bağlı “Sherg.az”a danışıb. Partiya sədri bildirib ki, ölkəmizdə səhiyyənin təşkili bərbad vəziyyətdədir:

“Azərbaycan səhiyyə sistemi demək olar ki, iflic haldadır. Bəzi həkimlər özəl klinakalarda vətəndaşlara kifayət qədər baha qiymətə yardım göstərirlər. 
Beləliklə, səhiyyədəki eybi bir az da olsa örtürlər. Lakin bu durum vətəndaşlara həddindən artıq baha başa gəlir.
Amma ölkəmizdəki  səhiyyə sistemi demək olar ki, səhiyyənin vəziyyətində hansısa müsbət dəyişikliyə gətirib çıxarmır. Ona görə də vətəndaşlar mövcud vəziyyətdən narazıdır”.