"Vaksinin insan orqanizminə heç bir zərərli təsiri ola bilməz"

Professor: "İnsanları qorxutmaq, onları stress və ruhi sarsıntıya salmaq olmaz"

"COVİD-19-un özündən daha qorxulu və ağır mutasiyası, bu infeksiya tamamilə sönəndən yalnız 10 il sonra ola bilər”


“1920-ci illərdəki pandemiyada hətta səhər özünü sağlam hiss edən şəxs günorta xəstələnir, hətta axşam ölürdü. Amma COVİD-19 belə infeksiyalardan deyildir. Onun letallığı çox aşağı, RO indeksi isə cəmi 2,2-dir. Yəni bu infeksiya insanlıq üçün son və ya faciə deyildir. Bəli, digərləri kimi bu infeksiyadan qorunmanın da əsas yolu vaksinasiyadır”. 

Bu sözləri "Şərq"ə açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor qeyd edib ki, vaksin istər klassik, istərsə də ən müasir yolla alınsın, onun insan orqanizminə heç bir zərərli təsiri ola bilməz. Yəni genom, enzim patalogiyası olan az sayda insanlar nəzərə alınmazsa. Vaksinlərin əlavə effektinin olmaması üçün yeganə şərt onların təmizlik dərəcəsinin yüksək olmasıdır. Hazırda tövsiyyə olunan vaksinlərdə bunun nəzərə alınmaması qeyri - mümkündür”. 

Həkim vurğulayıb ki, insanları qorxudan digər məsələ isə vaksinlərin hələ tam öyrənilməməsi, yəni onların tədqiqatının yalnız klinik sınaqların III mərhələsində olması və s. kimi fikirlərdir:

“Bildirmək istəyirəm ki, istənilən dərmanın, vaksinin və s. tam tədqiqi üçün illərlə davam edən tədqiqatların aparılması qanundur və mütləq tələbatdır. Eksperimental və klinik sınaqların tamamilə başa çatması üçün, ümumilikdə 12-15 ilə qədət vaxt tələb olunur. Ancaq zərurət yarandığı, ekstremal hallarda, hətta ilkin-birinci mərhələdə 50 faizli müsbət nəticənin alındığı təqdirdə belə, bu vaksin və ya dərman preparatının klinikaya tətbiqi mütləq göstərişdir. Bu halda heç bir qorxulu əks effekt törənə bilməz.

COVİD-19-un insanlarda qorxu, stress yaratmağa yönələn 100-lərlə mutasiyası haqqında fikirlər də əsassızdır. Bilmək lazımdır ki, viruslar “obliqat, mikrocanlılardır və bu səbəbdən də heç bir halda yoluxdurduğu hüceyrəni məhv etmək istəmir. Əks halda o özü də məhv olur. Odur ki, virus qonaq olduğu hüceyrəyə uyğunlaşmaq, onunla birgə yaşamaq üçün dəyişikliyə məruz qalır. Bu hal mütləqdir və ümumi yaşam qanunudur.

Bunu mutasiya kimi təqdim edib, insanları qorxutmaq, onları stress və ruhi sarsıntıya salmaq olmaz. Bilin ki, COVİD-19-un özündən daha qorxulu və ağır mutasiyası, bu infeksiya tamamilə sönəndən yalnız 10 il sonra ola bilər”.