"May ayından etibarən dünya tədricən əvvəlki vəziyyətinə qayıdacaq"
COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunandan bəri bütün ölkələr bu virusla mübarizəyə qalxıb və savaş aparır. Dünya tibbi, müxtəlif ölkələrin elm adamları insanlıq üçün yeni olan bu bəlanı "susdurmaq” naminə səfərbər olub. Artıq xeyli vaxtdır ki, bəzi ölkə və şirkətlərin istehsal etdiyi peyvəndlər barədə müsbət fikirlər səslənməkdədir.
Hətta bir neçə ölkədə əhalinin peyvəndlənməsinə başlanıldığı da bildirilir. Bəs hansı ölkələrin peyvəndlərinin qoruyuculuğu daha yüksəkdir?
Azərbaycanın məşhur radioloqu Rasim Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, may ayına qədər pandemiya kontrol altına alınacaq və may ayından etibarən dünya tədricən əvvəlki vəziyyətinə qayıdacaq:
"Çinin "Sinovac" və Oksfordun "AstraZeneka" peyvəndlərinin qoruyuculuğu yüksək nəticə verdi. Pfizer/BioNTech peyvəndinin İngiltərə və Cənubi Afrikada görülən B.1.1.7 və B.1.351 mutasiyalarına qarşı da qoruyucu olduğu bildirilib. Artıq bundan sonra dünyada sürətli peyvəndlənmə prosesi olacaq".