Onlar qollarını qaldırmaqda belə çətinlik çəkirlər
"Əgər evdə COVİD-19 infeksiyası olubsa, yaxud onun ən kiçik bir əlaməti kimdəsə olubsa, məsələn, dadbilmənin itməsi, o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin"
"Koronavirusun ilk dalğalarında uşaqlar ona yoluxsa da ağırlaşmırdı, xəstəliyi çox yüngül keçirirdi. Bəzən isə əksəriyyəti simptomsuz olurdu. Lakin bu dalğada artıq koronavirus uşaqlara da toxunmağa başlayıb".
Bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə "Şərq"ə açıqlamasında deyib. Onun sözlərinə görə, son iki həftədə qəbul etdiyi uşaqlar arasında 5 nəfərində COVİD-19 ağırlaşması olub: "Onlarda 5 gün ərzində hərarət çox yüksək 39-40, çox halsızlıq, iştahsızlıq, qarında ağrılar, qusma, ishal, dəridə gedib gələn qızartılar, gözlərdə qızartı (ikisi qan dolmuş kimi), boyun limfa düyünlərinin böyüməsi, ağrılı olması (limfadenit) analizlərdə CRP 150- 350-dən yuxarı (norma 5-ə kimi), EÇS 60-80 (norma 5-15) leykositlər 20000 civarında, neytrofilyoz göründü.
Bəli, bu əlamətlər digər virus qrip infeksiyalarında da ola bilir. Amma biz başqa infeksiyanın epidemiyasını yaşayırıq. Həm də bu virus mutasiyaya uğrayıb, əvvəl etmədiyini sonra edə bilir. Əgər evdə COVİD-19 infeksiyası olubsa, yaxud onun ən kiçik bir əlaməti kimdəsə olubsa, məsələn, dadbilmənin itməsi, o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin. Amma uşaqlara antiviral dərmanları verə bilmərik. Çünki favipiravir uşaq orqanizmi üçün ağırdı, arbidol isə virus üçün zəifdir".
Həkim qeyd edib ki, hər kəs artıq sağaldı dediyində bir uşağın hərarətinin yüksək rəqəmlərə qalxması məhz onun ağırlaşması ola bilər:
"Qeyd edim ki, koronavirus immuniteti çox yoran, tükəndirən bir gücə malikdir. İmmunitet zəiflədiyində, əlbəttə, bakteriyalar aktivləşməsi baş verəcək. Koronavirusda bu proses sürətlə baş verir. Mütləq CRP və qan ümumi analizini vermək lazımdır.
Yəni evdə koronavirus olduğu halda uşaqda olan yüksək hərarəti digər virus infeksiyaları kimi üç gün gözləmədən araşdırmaq lazımdır. Baş verən ağırlaşma əslində sadəcə bakterial aktivləşmə ilə bağlı olmur.
Multiorqan iltihab sindromu baş verə bilir. Prosesə ürək, böyrəklər, ağciyərlər, qaraciyər, mədəaltı vəz də cəlb oluna bilir. Qeyd edim ki, uşaqlarda COVİD-19 ağırlaşması ilə görülən halsızlıq sadəcə kefsizlik deyil və qolunu qaldırmaqda belə çətinlik çəkirlər.
Və bu halsızlıq ishal, qusma olmasa da olur. İştahsızlıq isə valideynlərin həmişə şikayət etdiyi iştahsızlıq olmur. Ona görə də valideynlər son zamanlar daha diqqətli olmalı və dərhal həkimə müraciət etməlidirlər ".