İlk dəfə olaraq qorillalarda koronavirus aşkarlanıb


ABŞ-ın San-Dieqo şəhər zooparkında dünyada ilk dəfə qorillanın koronavirusa yoluxması faktı qeydə alınıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə safari-parkın rəsmi internet saytında məlumat yerləşdirilib.

“San-Dieqo zooparkının Safari-parkında bir qrup qorilladan COVID-19 mənşəli SARS-CoV-2 virusuna qarşı götürülmüş testlər müsbət nəticələnib. Yanvarın 6-da qorillaların ikisi öskürməyə başlayıb. Yanvarın 11-də ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Milli Baytarlıq Xidmətinin laboratoriyaları testlərin müsbət nəticə verdiyini təsdiqləyib”, - deyə məlumatda qeyd olunub.

Ehtimal olunur ki, heyvanlar koronavirusa virus simptomları müşahidə edilməyən xəstə park işçilərinin birindən yoluxub.