Önümüzdəki aylarda Azərbaycanda da vaksinasiya prosesi başlayacaq

Həmin ana qədər maksimum təmkinli olub virusdan qorunma tədbirlərinə mütləq əməl etməliyik

"Xüsusi risk qrupuna daxil olan xəstələr və ciddi yanaşı xəstəlikləri olanlar ilkin mərhələdə peyvənd olunacaq" 


Hazırda bir sıra ölkələrdə yeni koronovirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. ABŞ, Avropa Birliyi ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digər ölkələr artıq prosesə başlayıblar. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98 faiz) qiymətləndirilib.

Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcək. Bildiyimiz kimi koronavirusa qarşı peyvəndlər könüllü həyata keçiriləcək. Vaksinasiya necə həyata keçiriləcək? Koronavirus xəstəliyi keçirmiş şəxslər də  peyvənd olunmalıdırmı?

Həkim-infeksionist Nəzrin Mustafayeva "Şərq"ə açıqlamasında bildirib ki, COVID-19 keçirməyindən asılı olmayaraq hər kəsə peyvənd təklif olunmalıdır. Ancaq peyvənd olunmazdan əvvəl antitel testi tələb olunmamalıdır:

"Ümumiyyətlə, COVID-19-a yoluxmuş aktiv xəstələr sağalana qədər və karantin rejimi bitənə qədər peyvəndlənmə prosesi uzadılmalıdır. Çünki mövcud məlumatlar, COVID-19-a səbəb olan virusla yenidən yoluxmanın ilkin infeksiyadan 90 gün sonra mümkün olduğunu göstərir. Bu səbəbdən təzəlikcə infeksiyaya yoluxmuş insanlar, istəklərinə görə, həmin 90 günlük müddətin sonuna qədər peyvəndlənməni təxirə sala bilərlər".

Həkim qeyd edib ki, vaksinasiya mərhələli şəkildə həyata keçiriləcək:

"Peyvəndləmənin tətbiq planı üzrə icrası mürəkkəb bir  prosesdir. Birinci nəsil peyvəndin müvafiq funksiyasına görə ölüm hallarının qarşısının alınması məqsədi ilə xüsusi risk qrupuna daxil olan xəstələr və ciddi yanaşı xəstəlikləri olanlar ilkin mərhələdə peyvənd olunacaq. Ümumiyyətlə, önümüzdəki aylarda peyvəndin tətbiqi ərəfəsində də maksimum təmkinli olub virusdan qorunma tədbirlərinə mütləq əməl etməliyik".