Dırnaq xəstəliklərinin tam müalicəsi mümkündür


Şikayət yarandığı zaman dermatoloq həkimə müraciət olunmalıdır

Bu gün cəmiyyətdə dırnaq xəstəliklərinin sayı artmaqdadır. Bu daha çox gənc xanımları narahat edir. Bəs, dırnaq xəstəlikləri müalicə olunurmu? 
Dermatoloq, uzman həkim Mehdi İskəndərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, çox adam düşünür ki, dırnaq xəstəlikləri müalicə edilmir. Lakin bu düzgün fikir deyil:

"Dırnaq xəstəlikləri müalicə edilir. Lakin bu xəstəliyin növündən asılıdır. Bəzi dırnaq xəstəlikləri müalicədən çox onun daxili orqan və sistemlərin patologiyalarına işarə olması önəmlidir. Çünki dırnaq xəstəliklərinə səbəb olan daxili xəstəliklər aradan qaldırılmasa, dırnaqların düzəlməsi mümkün deyil. Bundan başqa dırnaqlardakı problemlər əgər daxili orqanların xəstəliklərinin aşkar edilməsində rola sahibdirsə, o zaman xəstələr dırnaq şikayəti yarandığı zaman dermatoloq həkimə müraciət etməlidirlər ki, həyati təhlükəli sistem problemləri zamanında aşkar edilsin və lazımi tədbirlər görülsün".
Onun sözlərinə görə, bəzi dırnaq xəstəlikləri dəri patologiyaları ilə paralel şəkildə yaranır. Yəni dəri xəstəlikləri yarandığı zaman paralel olaraq ayaq və əl dırnaqları da zədələnə bilir. Məsələn, əl ekzeması xəstəliyi zamanı bütün dırnaqlarda deformasiyalar yarana bilər. Belə olan halda dəri xəstəliyi dırnaqlarla birlikdə müalicə edilir. Dırnaqların göbələk mənşəli xəstəliyi isə ən sıx görülən dırnaq problemlərindən biridir. Bu xəstəliyin tam müalicəsi mümkündür. Həkim deyib ki, dırnağın göbələk infeksiyasını müalicə etmək üçün bəzən aylar lazım olur: “Xəstə səbrli olarsa və müayinələrə zamanında gələrsə bu işi sonuna qədər çatdırmaq mümkündür. Dırnaq xəstəlikləri müalicə edilir lakin, bu sualın cavabı həm də xəstəliyin növündən asılıdır”.