Professor: “Tədris müəllimlərin vaksinasiyasından sonra olsaydı...” - Tələsdilər !

“...Yoluxma halı yaşansa da, yüngül keçirəcəkdilər”

"Metrolar da bağlıdır, valideynlər övladlarını avtobusla məktəbə aparır”

“Bu pandemiyanın şiddətlənməsinə təkan verə bilər”

 Fevralın 1-dən etibarən COVİD-19 pandemiyası ilə bağlı Azərbaycanda tətbiq edilən karantin rejimi çərçivəsində məhdudiyyətlərin bir qismi yumşaldıldı. Əhalinin ən çox gözlədiyi sahələrdən biri olan restoran və kafelərin fəaliyyəti , həmçinin bütün orta təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi qismət də olsa, ənənəvi formata qayıtdı. 

Bir müddət öncə məktəblərdə yoluxma halı müşahidə edildiyi üçün tədris dayandırılmışdı. Ekspertlərin fikrincə,  pandemiyaya qarşı sosial məsuliyyət “silah”ımız olmalıdır, əks təqdirdə virusa yoluxma hallara arta bilər.



Məsələ ilə bağlı "Sherg.az"a danışan fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, bütün müəllimlər vaksinasiya edildikdən sonra tədrisin başlaması daha məqsədəuyğun olardı: 

"Əgər müəllimlərin hamısı vaksinasiya olunsaydılar, yoluxma halı yaşansa da, yüngül keçirəcəkdilər. Bir az tələskənlik etdilər. Yoluxmanın müşahidə edilməyəcəyinə zəmanət vermək olmur.

Kafe və restoranların da açılmasının qəti əleyhinəyəm. Yoluxma göstəriciləri kifayət qədər aşağı enib. Gənclərdə bir xüsusiyyət var, işi olan da, olmayan da mağazaya gedir, yaxud gəzintiyə çıxır. Yenə də cavanlar dostları, ətrafı ilə yaxın şəkildə əyləşəcək. Elə restoranlar var ki, masalar arasında məsafə azdır".

Ş. Namazlı vurğulayıb ki, əhalinin 50 faizi vaksinasiyadan keçsəydi, bir az ürəyimizə su səpilərdi:

"Metrolar da bağlıdır, valideynlər övladlarını avtobusla məktəbə aparır. Bu pandemiyanın şiddətlənməsinə təkan verə bilər. Ən azından fevralın 15-dək gözləməli idik".