İcbari Tibbi Sığorta gəlir: Doğuş pulsuz olacaq? 

“Prosesin başlanmasının birinci şərti ayrılan vəsaitə görə planlamadır”

"Bu da ilk növbədə doğuş və təxirəsalınmaz yardımdan ibarətdir”

“Əgər əhali doğuş və təxirəsalınmaz yardımın pulsuz təminatına nail ola bilərsə, bunu başlanğıc üçün böyük uğur hesab etmək olar”


Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin brifinqi keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanov bildirib ki, İcbari tibbi sığorta zərfinə əhalinin daha çox ehtiyac duyduğu xəstəliklərin artırılması gözlənilir. Onun sözlərinə görə xidmət zərflərinə yeniləri əlavə ediləcək:

““Xidmətlər zərfinə kardioloji və neyroloji xidmətlər əlavə edilib. Buna açıq və qapalı ürək əməliyyatları, invaziv radiologiya xidmətləri də daxildir. 2020-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2500-ə yaxın tibbi xidmət təqdim edilib. Bu sayın 3 minə qədər artırılması nəzərdə tutulur”.



Mövzu ilə bağlı "Sherg.az"a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, İcbari Tibbi Sığortanın başlanmasının birinci şərti ayrılan vəsaitə görə planlamadır:

"Bu da ilk növbədə doğuş və təxirəsalınmaz yardımdan ibarətdir. Əgər əhali doğuş və təxirəsalınmaz yardımın pulsuz təminatına nail ola bilərsə, bunu başlanğıc üçün böyük uğur hesab etmək olar.

Hələki bütün tədbirləri bir yerdə toplamaq tezdir. Dünya da bu yoldan keçib. Biz  Amerika kəşf etmirik ki... Və yaxud xüsusi istedad tələb olunmur.

Qonşu Türkiyəyə nəzər salmaq, həmin qaydada addımlamaq lazımdır. Başqa təkliflər, hansısa reallığa əsaslanmayan və ya tibbi sığorta üçün ayrılan vəsait maaşlardan toplanacağı təqdirdə problem yarana bilər.

Ayağımızı yorğanımıza görə uzatmalıyıq".