Gələcək nəsil qrip viruslarından əziyyət çəkməyəcək

Rusiyalı virusoloqların təxminləri doğrudur


Hər zərərdə bir xeyir var, deyimi, koronavirusda da keçərli oldu. Mütəxəssislər hesab edir ki, koronavirus qrip virusunu aradan çıxaracaq. Rusiyalı virusoloq Vladislav Jemçuqov bildirib ki, koronavirus pandemiyası səbəbiylə tətbiq edilən karantin qaydaları - maska taxmaq, məsafə saxlamaq, təmizliyə riayət etmək və sair karantin tədbirləri sağlamlığa heç bir şəkildə zərər verməyəcək, əksinə, qripə qarşı kollektiv immunitetin yaranmasına kömək edəcək.

Virusoloqun sözlərinə görə, pandemiya dövründə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər hər il payız və qış aylarında artımı müşahidə edilən kəskin respirator xəstəliklərə yoluxma sayını demək olar ki, sıfıra endirib:  

“Mövcud məhdudlaşdırıcı tədbirlər ona gətirdi ki, hazırda soyuqdəymə və kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər demək olar ki, yox dərəcəsindədir”.

Bundan əvvəlsə bir sıra alimlər qış aylarında ciddi qrip xəstəliklərinin baş verməsi barədə məlumat vermişdilər. Onların fikrincə, koronavirusla mübarizədə məhdudlaşdırıcı tədbirlərə görə digər tənəffüs xəstəliklərinə, xüsusən də qripə qarşı cəmiyyətin immuniteti zəifləyib.

Lakin Jemçuqovun sözlərinə görə, gələn il bu xəstəliyin epidemiyası üçün heç bir təhlükə yoxdur. O, mütəxəssislərin vəziyyəti nəzarətdə saxladıqlarını və ştamlar olarsa, növbəti qış peyvəndlərinin uyğun olub-olmaması barədə mütləq məlumat veriləcəyini vurğulayıb.

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında rusiyalı virusoloqun təxmininin düzgün olduğunu dedi: 

- Tibdə “populyasiya immuniteti” anlayışı var. Yəni kütləvi immunitetin yaranması. Kütləvi immunitet yaranırsa, heç bir virus artıq qorxulu deyil. Koronavirusa qarşı görülən tədbirlər qrip və paraqrip kimi tanıdığımız viruslara qarşı da effektlidir və immunitet yaranmasına kömək edir.

Sentyabr-oktyabr aylarında Azərbaycanda qrip əleyhinə vaksinasiya aparıldı. Həkimlər, müəllimlər arasında.

Bu vaksinasiyanın, eləcə onunla yanaşı görülən tədbirlərin koronavirus infeksiyası ilə mübarizədə böyük rolu oldu. İnfeksiyanın yayılmasında ağırlaşmaların qarşısını aldı. Biz indi koronavirus vaksinasiyasından da eyni müsbət nəticəni gözləyirik.

Vaksinasiya ona görə vacibdir ki, virusa qarşı orqanizmdə anti-tellər yaranır. Qrip əleyhinə peyvənd olunmuş şəxs, üstəlik koronavirus əleyhinə də peyvənd edilirsə, orqanizmdə yaranmış anti-tellərin üzərinə biri də əlavə olunur.

Bu da orqanizmin müqavimət gücünü artırır. Bu mənada qarşıdakı illərdə biz kəskin respirator xəstəliklər, qrip viruslarının yayıldığını görməyəcəyik. Olacaq, amma əvvəlki miqyasda deyil.

Xüsusən, gənclər və uşaqlar – gələcək nəsildə immunitet yaranacaq və möhkəmlənəcək. Gələcək nəsil qrip viruslarından əziyyət çəkməyəcək.