Quş ətinin idxalına məhdudiyyət: Yoluxma qeydə alınıb? 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə müvafiq tədbirlər həyata keçirir. Verilən məlumata görə, Fransa Respublikasının Qrand Est (Grand Est) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Almaniya Federativ Respublikasının Reynland-Pfalts (Rheinland-Pfalz) və Belçika Krallığının Lüksemburq (Luxembourg) inzibati ərazi vahidlərində blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq həmin inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Vəziyyəti "Sherg.az"a dəyərləndirən  qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev diqqətə çatıdırıb ki, xəstəliklərin qarşısının alınması üçün görülən hər kiçik tədbir mühüm addımdır:

"Bir var geniş , biri də var ki, kiçik miqyasda yoluxma halı müşahidə edilsin. Hər iki halda AQTA-nın bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq etməsi müsbət addımdır. Lakin əsas şərt odur ki, tətbiq edilən məhdudiyyət nə dərəcədə reallaşacaq? Xaricdən gətirilən quş əti ölkə əhalisinin günlük qida normasının müvafiq olaraq təminatlandırılmasında problem yaratmayacaqsa, həmin məhsullar gətirilməsin. Hərçənd ki, xəstəliyin yayılmasının qarşısının alınması nəzərdə tutulur. Əgər məhsulların ölkəyə gətirilməsinə qoyulan məhdudiyyət günlük qida rejiminə təsir edəcəksə, alternativ yollar tapılmalı, sonradan məhdudiyyət tətbiq edilməlidir”.