Bütün vaksinlərin nəticəsi eynidir


Adil Qeybulla insanların Çin istehsalı olan vaksindən imtina etməsinə heç bir əsas görmür

"Şərq"in ötən sayında həkim-nevroloq Pərviz Axundov deyib ki, insanların bir qismi məhz vaksinin Çin istehsalı olduğunu əsas gətirərək, ondan imtina edir. O, ölkəmizə digər ölkələrdən də vaksinlərin gətirilməsini məqsədəuyğun hesab edir. 

Məsələ bağlı fikirlərini "Şərq"ə açıqlayan tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, bütün vaksinlərin nəticəsi eynidir:

"İnsanların Çin istehsalı olan vaksindən imtina etməsinə heç bir əsas yoxdur. Biz əvvəl belə vaksinləri Sovet dövründə  yaşayanda da görmüşük. Həmin vaksinlərin hazırlanma texnologiyası identikdir. O vaxt vaksinlər necə hazırlanırdısa, indi o cür istehsal edilir. Ucuz mallarla yanaşı, kifayət qədər keyfiyyətli və brend məhsullar, həmçinin dünyanın ən böyük brendləri də Çində istehsal olunur. Hazırda həmin ölkədə vaksinlər yüksək səviyyəli laboratoriyalarda  və müasir texnologiyalar vasitəsilə hazırlanır. 

Qeyd edim ki, biz özümüz də bu vaksindən istifadə etmişik və heç bir ziyanı olmayıb. Ayrı-ayrı ölkələrin hazırladığı vaksinlərin təsir mexanizmi fərqli olsa da, sonda orqanizmdə əks-cisimlərin yaranması ilə nəticələnir". 

Aytac Ali