Valideynlərə ÇAĞIRIŞ: “Uşaqlarınızı peyvənddən yayındırmayın” – Risk !

Bəzi valideynlər övladlarının peyvənd olunmasına qarşı çıxırlar. Hətta yeni doğulan körpələrdə belə vaksinasiyanın aparılmasına imkan verilmir. Təbii ki, bu məsələdə valideynlərin də öz arqumentləri var. Onlar peyvəndin uşaqların səhhətində fəsad yarada biləcəyindən ehtiyatlanırlar.


Lakin mütəxəssislərin əksəriyyəti hesab edir ki, valideyn peyvənd etdirməməklə uşaqlarının sağlamlığına təhlükə yaradır. Çünki yalnız bu yolla uşaqları xəstəlikdən qorumaq mümkündür. Valideyn uşağını peyvənd etdirmirsə, onu risk qarşısında qoyur. Buna görə də ən doğru yol peyvəndlərin vaxtlı-vaxtında aparılmasıdır.



Məsələyə dair “Sherg.az”a danışan pediatr-həkim Şəhla Mustafayeva bildirib ki, Azərbaycanda profilaktiki peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş peyvənd təqviminə əsasən aparılır. Onun sözlərinə görə, uşaqlara ilkin peyvəndlənməsi doğum evində aparılır:

“Belə ki, doğuşdan sonra 12 saat ərzində uşaq Hepatit B, həyatının 4-7-günləri arasında poliomielitə və vərəmə qarşı peyvənd olunur. Uşaq evə yazıldıqdan sonra ərazi üzrə uşaq poliklinikasında qeydiyyata götürülür və 2 aylıqdan başlayaraq peyvəndlərə cəlb olunur".

Valideynlərin peyvəndlərdən imtina etməsinə gəlincə, pediatr bunu peyvənddən sonra bəzi hallarda baş verən yanaşı təsirlərin olması ilə izah edir:

“Peyvəndlərin aparılması zamanı tibbi əks göstərişlər ola bilər. Peyvənd olunan uşaq 30 dəqiqə ərzində nəzarət altında olmalıdır ki, kəskin allergik reaksiyalar baş verən zaman ona vaxtında təxirəsalınmaz yardım göstərilsin.

Səhiyyə Nazirliyinin normativ sənəd və təlimatlarına əsasən peyvənd məntəqələrində şok əleyhinə preparatların olmadığı halda peyvənd işlərinin aparılması qəti qadağandır. Ona görə də valideynlərin narahat olmağına heç bir əsas yoxdur.

Əslində onlar uşaqlarını peyvənddən yayındırmaqla gələcəyini təhlükə qarşısında qoyurlar”.