Vətəndaşlar zaman-zaman koronavirus testlərinin qiymətinin bahalığından şikayət edirlər. Maddi gəliri aşağı olan insanların COVİD testlərindən keçməsi qeyri-mümkündür. Millət vəkili Əli Məsimli də Milli Məclisin iclasında məlum məsələdən söz açaraq deyib ki, koronavirus üçün testlərin tətbiq dairəsi genişləndirilməlidir:
“Test qiymətləri də 2-3 dəfə aşağı salınmalıdır. Həmçinin bəzi dərmanların qiymətləri də endirilməlidir”.
Deputanın fikirlərini “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov koronavirus infeksiyasının ümumbəşər bəla olduğunu söyləyib:
“ İstənilən ölkə testlərin tətbiqi ilə bağlı müəyyən tələbləri ödəməlidir. Burda diferensial yanaşma olmalıdır. Bir ildən artıqdır, pandemiya ölkəmizdə və dünyada hökm sürür.
Ona görə TƏBİB sahələr üzrə testlərin qiymətini əhalinin müxtəlif təbəqəsinə uyğun tənzimləməlidir. Kimsə növbə gözləmədən, dərhal arayış almalıdırsa, testin pulunu ödəyə bilir.
Lakin infeksiyaya yoluxmuş ailələr təcili yardım çağırırlar, bu zaman ləngimələr olur. Hörmətli deputat Əli Məsimlinin fikirləri ilə razıyam. Ən azından qonşu ölkələrdə testin qiymətinin aşağı olduğunu görürük. Bizdə isə əvvəllər 100 manatdan artıq idi, sonra bir az aşağı düşdü.
Test necə 100-dən 40 manata enə bildi? Görünür əvvəlki dövrdə “haqq” götürən qüvvələr olub, amma olmamalıdır, Azərbaycana yaraşmır.
Çünki cənab prezidentin başçılığı ilə həyata keçirilən sosial layihələr, vətəndaşlara göstərilən qayğı ortadadır. Belə bir zamanda bu kimi addımlar tələblərə cavab vermir”.