Son illərin ən məşhur müalicəvi məhsullarından biri də zəncəfildir. Bu dietik bitki həmçinin hind və Asiya mətbəxinin əvəzsiz tərkib hissəsidir. Əsrlər boyu istifadə olunan zəncəfilin faydaları saymaqla bitmir.
Zəncəfil ağrıları yüngülləşdirir. Xolesterinin səviyyəsini aşağı salır. Həzm prosesini yaxşılaşdırır. Eyni zamanda soyuqdəymənin birinci dərmanıdır. Bundan başqa zehnin fəaliyyətini gücləndirir, stress və depressiya ilə mübarizə aparır.
Həkim-fitoterapevt Fizuli Hüseynov zəncəfilin faydaları barədə fikirlərini “Sherg.az”la bölüşüb.
Həkimin sözlərinə görə, qan toxumalarının bütün hissələrinə çatıb onu tam qidalandıra bilir, qan dövranındakı pozğunluğu aradan qaldırır:
“Ayaqları daima soyuq olan insanlar gündə 3 dəfə bal ilə şirinləşdirilmiş zəncəfil çayı içərək bu problemlərdən xilas ola bilərlər.
Zəncəfil bütün növ ürəkbulanmalarda əvəzsiz vasitədir.
Ürəkbulanmalar zamanı təzə zəncəfil quru zəncəfildən daha faydalıdır. Bağırsaq spazmalarında, bağırsaqlarda köp hallarında zəncəfil çayının içilməsi bağırsaqların hərəki funksiyasını artırır, bağırsaq divarının keyfiyyətini artırır.
Uzun illərdən bəri xalqımız zəncəfil qarışdırılmış balı bədən zəifliyində, immuniteti artırmaq üçün, halsızlıqlarda, baş gicəllənmələrində istifadə edib. Zəncəfil tozunun bal ilə qarışımı xroniki öskürəklərdə çox faydalıdır. Bu toz qarışımlı bal immun sistemini gücləndirməklə yanaşı, allergik bronxit mənşəli öskürəklərin müalicəsində də geniş istifadə olunur”.
Fitoterapevt vurğulayıb ki, zəncəfildən arıqlamaq məqsədilə də istifadə etmək olar:
“Zəncəfil çayı oksidləşmə reduksiya proseslərini artırır, yəni piylərin əridilməsini sürətləndirir. Bununla yanaşı, oynaq, əzələ, baş ağrılarında zəncəfil çayı əvəzolunmazdır. Revmatizmaların bütün növlərində zəncəfil həm müalicəvidir, həm də ağrıkəsici təsirə malikdir”.