Çünki virusun heyvanlardan insana keçməsi istisna edilmir
Türkiyədə insana keçməyən, yoluxucu "pişik koronavirusu" kimi tanınan Pişik İnfeksion Peritoniti (FIP) aşkarlanıb. Xəstəlik Eskişehirdə küçə pişiklərində müəyyən edilib. Müalicə olunmayan sözügedən xəstəlik səbəbindən epidemiya narahatlığı yaşanır. Heyvan sığınacaqlarında və xüsusi klinikalarda karantin otaqları hazırlanıb. Bu günləri bir çoxlarını maraqlandıran əsas suallardan biri pişiklərdə aşkarlanan yeni koronavirusun insanlara keçmə ehtimalının olub-olmamasıdır.
Suallarımıza aydınlıq gətirən həkim-pulmonoloq Ramin Nəriman "Şərq"ə açıqlamasında ilk olaraq qeyd edib ki, bugünki günə olan təsəvvür belədir ki, koronavirus məhz heyvanlardan yaranıb. Həkim əlavə edib ki, o, mutasiya nəticəsində heyvanlardan insanlara keçib:
"Əvvəlki dövrlərdə də koronavirus heyvanlarda, o cümlədən it, pişik və digər heyvanlarda da aşkarlanıb. O baxımdan Türkiyədə koronavirusun pişiklərdə aşkarlanması elə də bir yenilik deyil. Çünki bu, əvvəllər də mövcud olub. Yəni onlarda koronavirusun aşkarlanması təəccüb doğuracaq bir hal deyil. Dediyim kimi, koronavirus heyvanlardan insana keçib".
Pulmonoloq vurğulayıb ki, koronavirusun doğrudan da pişiklərdən insanlara keçib-keçməməsi barədə təsdiq eləyəcək bir tədqiqat yoxdur: "Hesab edirəm ki, onun gələcəkdə insanlara keçib-keçməməsini gələcək göstərəcək. Yəni hazırda buna proqnoz vermək mümkün deyil. Pişiklərdə koronavirusun aşkarlanması o demək deyil ki, yeni mutasiya yaranacaq. Elə bir halı gözləmək mümkündür".