““COVİD-19 uşaqlara az təsir etsə də, vərəm onlardan yan keçmir”


“COVİD-19 infeksiyası indiyədək uşaqlarda nadir hallarda ağırlaşmaya səbəb olub”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva söyləyib.
Ekspert vurğulayıb ki, pandemiya başladığı vaxtdan bəri uşaqlar ağırlıq dərəcəsi baxımından böyüklərə nisbətən daha az təsirlənir:
“Bir qrup tibb alimi “Pediatriks” jurnalında dərc olunan “Uşaqlarda COVİD-19 və Ailələrdə İnfeksiyanın Dinamikası” üzrə tədqiqat işinin nəticələrində belə qeyd edilir:

“Digər viruslu hava-damcı yolu ilə ötürülən yoluxucu xəstəliklərdən fərqli olaraq, uşaqlar “SARS-CoV-2” virusunun ötürülməsinin əsas vektoru sayılmır. Onlar adətən ailə üzvlərindən yoluxa bilir. Uşaqdan uşağa yoluxma və ya uşaqdan böyüyə yoluxma halları haqqında heç bir sübut yoxdur.

Digər bir araşdırma uşaqların asimptomatik qalması, simptom öncəsi bir mərhələ keçdiyini və ya qızdırma, öskürək kimi simptomlarla müşayiət olunduğunu bildirir. ABŞ-da pediatrik koronavirus halları təxminən üçdə biri 15 ilə 17 yaş arası uşaqlarda meydana gəldi. Həmin tədqiqatda qeyd olunur ki, şiddətli kəskin tənəffüs çatışmazlığı sindromu “SARS-CoV-2” infeksiyası olan anaların yenidoğulmuşlarında şaquli ötürülmə riski sadəcə 2 faizdir”.



P.Vəliyeva qeyd edib ki, COVİD-19 virusunun uşaqlara təsiri az olsa da, vərəm onlardan yan keçmir:

“Yeni növ koronavirus dünyada tüğyan etməyə başlamadan öncə dünyada ən çox insan ölümünə səbəb olan yoluxucu xəstəlik vərəm idi. Hər il dünyada 1 milyondan artıq uşaq vərəmlə xəstələnir. Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı 2020-ci il hesabatına əsasən, 2019-cu ildə dünyada 1.2 milyon 15 yaşadək uşaq vərəmlə xəstələnib.

Vərəm qarşısı alınan və müalicə edilə bilən xəstəlik olsa da, dünya miqyasında uşaq ölümlərinin ilk səbəblərindən biridir. Vərəm ən çox gənc və həssas insanlara təsir edir: Uşaqlarda vərəmdən ölümlərin 80 faizi beş yaşdan kiçik olanlar arasında baş verir. Buna görə uşaq vərəminə son qoymaq 2030-cu il Davamlı İnkişaf Məqsədlərinin mərkəzində durur:“Yeni doğulmuş körpələrin və beş yaşınadək uşaqların ölümlərinə son qoymaq”.

Cəmiyyətdə ictimai səhiyyənin uşaq sağlamlığına, onların sağ qalmasına və inkişafına təsirinin böyük olduğu dərk olunmalıdır. Dünya əhalisinin üçdə biri vərəmə yoluxsa da, hər kəs vərəmlə xəstələnmir.

Uşaqlar vərəmə yoluxduğu zaman daha tez xəstələnə bilir və simptomlar daha sürətli özünü göstərir. Çünki onların immuniteti böyüklərə nisbətən zəif olur. Adətən uşaqlar vərəm xəstəsi ilə kontaktdan yoluxa bilirlər. Bu səbəbdən vərəm kontaktı (yaxın ailə üzvü, qohumları və digər təmasları) olan uşaqlarda profilaktik müalicə aparılmalıdır”.

İcraçı direktor bildirib ki, vərəm əleyhinə yeganə peyvənd-100 yaşı olan “BCG” vaksini, yeni doğulmuş körpələrə vurulur və onları erkən uşaqlıq dövründə ən ağır vərəm növlərindən qoruyur:

“Lakin yeniyetməlik dövründə bu peyvənd təsirini itirir. COVID-19 peyvəndlərinin sürətli inkişaf təcrübəsi öyrənilərək yeni vərəm əleyhinə peyvəndin də hazırlanması beynəlxalq və milli vərəm təşkilatları tərəfindən arzu olunur.
Vərəm peyvəndləri üçün maliyyənin öncədən toplanılması və  yeni vərəm əleyhinə peyvəndi hazırlamaq üçün yeni elm və tədqiqat üsullarının tətbiq edilməsi təklif olunur. Uşaqlarda vərəmin diaqnostikası və müalicəsi xüsusi yanaşma tələb edir. Bu baxımdan onlara uyğun vərəməleyhi dərmanların mövcud olmasına baxmayaraq, dünya miqyasında vərəmdən ölən uşaqların 96 faizindən çoxu heç vaxt müalicə almır. Məktəbdə ayrı-seçkilik, stiqma bu problemi ikiqat artıran faktorlardandır.

ÜST-nın hesabatına əsasən, Azərbaycanda 2019-cu ildə 480 nəfər uşaq vərəmlə xəstələnib. Son illərdə uşaqlar arasında dərmanlara davamlı vərəm formaları da geniş yayılıb. Vərəmdən əziyyət çəkən uşaqlara dövlətimizin qayğısı böyük olub. Son illərdə cənab Prezidentin tapşırığı ilə yeni və müasir quruluşlu vərəm əleyhinə tibb müəssisələri tikilib. Buzovna qəsəbəsində yerləşən Gindes adına uşaq vərəm sanatoriyası yeni, hər cür müasir avadanlıqlar və şəraitlə təchiz olunmuş vərəm əleyhinə müəssisə ilə əvəzlənib. Sanatoriyanın yaxın zamanlarda istifadəyə verilməsi gözlənilir.

Uşaqların vərəmdən mühafizəsi bu il Ümumdünya Vərəmlə Mübarizə günü ilə əlaqədar diqqət mərkəzindədir. Azərbaycan Vərəm Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai birliyi bu istiqamətdə tədbirlər planı hazırlayıb.

Ölkəmizdə Vərəm əleyhinə tibb müəssisələrində müalicəsini davam edən uşaqlarla görüş və onlar üçün əyləncəli tədbirlərin təşkili, məktəblilər arasında vərəmin profilaktikasını gücləndirmək məqsədilə bir sıra maarifləndirmə tədbirlərinin təşkil edilməsi nəzərdə tutulur. Həmçinin uşaqlarda vərəmin profilaktika, diaqnostika və müalicəsinə dair Türkiyə və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən pediatr və pulmonoloqlar üçün bir günlük elmi vebinar təşkil olunacaq”.