Üçüncü mərhələdə xəstəliyin uşaqlara təsiri çox olacaq


"Pandemiyanın artıq üçüncü dalğası gözlənilir. Bütün dünyada, eləcə də ölkəmiz bu dalğadan yan keçməyəcək.  Nəzərə alsaq ki, son günlər yoluxma  sayı da stabil deyil. Yoluxma sayında qalxma və enmələr hiss olunmaqdadır. Düzdür, əvvəldən də birinci və ikinci dalğa gözlənilirdi. Lakin nə dərəcədə təhlükəli olacağı, nə kimi fəsadlara səbəb olacağı və təhlükələri barədə geniş informasiya yox idi".

Bu sözləri "Şərq"ə açıqlamasında piar-marketoloq Rübabə Sahib deyib. O hesab edir ki, Azərbaycan bu xəstəlikdən ortalama olaraq  az fəsadlarla qurtulan ölkələr sırasındadır:

"Ölkədə vaxtında düzgün ölçü götürüldüyü üçün müsbət  nəticələrə nail ola bildik. Bütün ictimai nəqliyyatın, o cümlədən dəmiryolunun bağlanması sayəsində ölkəmiz pandemiyanın fəsadlarından az əziyyət çəkən ölkələr sırasında oldu. Təbii ki, burada ekonomi təsirləri deyil, fizioloji təsirləri biz əsas sayırıq. Üçüncü dalğanın da təbii ki, özünə görə yan təsirləri və ağır fəsadları olacaq. Ancaq hesab edirəm ki, əvvəlki iki dalğa kimi ağır fəsadları olmayacaq. Nəyə görə? Öncəlliklə, ikinci dalğa gəldiyində önümüz qışa idi. Bildiyimiz kimi, qış aylarında havanın kəskin soyuq olması orqanizmdə immunitet balansının da düşməsinə səbəb olur. Nəticədə avtomatik olaraq burda xəstəliklərin meyli daha da artır. Yəni qrip və digər infeksion xəstəliklərlə koronavirusun birləşməsi vətəndaşın xəstəlikdən daha ağır nəticələrlə yoluxmasına səbəb olur. Lakin indi üzümüz yazadır. Təbii ki, mart və aprel aylarında soyuqların olduğunu nəzərə alsaq da, əvvəlki aylarla müqayisədə havanın çox sərt keçməyəcəyini bilirik. Bu yalnız Azərbaycan üçün deyil, eyni zamanda digər ölkələr üçün də keçərlidir, yəni ciddi təhlükəsi yoxdur. Digər tərəfdən sürətli vaksinasiya prosesi gedir. Vaksinasiya prosesi sürətlə icra olunarsa, düşünürük ki, bir neçə ay sonra ölkədə böyük bir qism şəxs vaksinasiya olunmuş olacaq. Nəticədə xəstəliyin hərəkət və yayılma trayektoriyası məhdudlaşdırılacaq. Təbii ki, virus da özlüyündə yavaş-yavaş mutasiyaya uğrayaraq orqanizmdə zəifləməsinə və yox olmasına səbəb olacaq".



Rübabə Sahib qeyd edib ki, üçüncü mərhələdə xəstəliyin uşaqlara təsiri çox olacaq:

"Məlum olduğu kimi, əvvəlki iki mərhələdə virus böyüklər üzərində kəskin və genişmiqyaslı şəkildə yayıldı. Bu mərhələdə isə uşaqlarda hiss olunacağını zənn edirik. Nə üçün? İlk olaraq, uşaqların orqanizmi qış mövsümündə qrip kimi infeksion xəstəliklərə meyilli olur. Eyni zamanda maddələr mübadiləsi məsələsi var. Qış aylarında təbii qidalar azaldığı üçün uşaqlara vitaminli qidaların qəbulu azaldılır. Bu da uşaqların orqanizmində vitamin balansının aşağı salır. Təbii ki, bu onların immunitetinə də ciddi təsir göstərir. Nəzərə alsaq ki,  xroniki xəstələrlə müqayisədə uşaqların orqanizmi daha gənc və sağlamdır ona görə də onların xəstəlikdən ən ağır fəsadlarla deyil, yüngül, orta, orta ağır fəsadlarla qurtulacağını müşahidə edəcəyik. Bildiyimiz kimi, kəskin soyuq havada uşaqların orqanizminə mənfi təsir göstərir. Onların açıq havada təması məhdudlaşdırılmalıdır. Eləcə də uşaqların gündəlik oksigen qəbulu nizama salınmalıdır. Evdə otaqların havasına diqqət yetirmək labüddür. Uşaqların ilıq su qəbulunun təmin edilməsi vacibdir. Çünki onlar suyu nə qədər çox qəbul edərlərsə, bu, onların bağırsaqlarının mikroflorası üçün bir o qədər əhəmiyyətlidir. Eyni zamanda vitaminli meyvələrdən - alma, heyva və nar kimi meyvə və tərəvəzlərin qəbuluna, təbii orqanik yumurta və toyuq ətindən istifadəyə xüsusi önəm verilməlidir. Həmçinin gündəlik sulu yeməklərin yeyilməsinə və onların yuxu rejiminə əməl olunmasına xüsusi diqqət edilməlidir.  Bir nüansı qeyd edim ki, xüsusən də balığı uşaqların qida rasionuna daxil etmək mütləqdir. Balıq soyutması, qızartması, eləcə də balıqdan hazırlanan xörəklər çox vacibdir. Bu məsləhətlər böyüklər üçün də keçərlidir. Ümumiyyətlə, iki aylıqdan başlayaraq 17 yaşa kimi uşaqların qida rasionunda bunlar vacibdir. Əlavə olaraq, uşağın xəstələnməsini gözləmədən onları pediatr qəbulundan keçirtmək lazımdır ". 

Rübabə Sahib diqqətə çatdırıb ki, uşaqların düzgün psixoloji terapiyadan keçməsi də çox mühümdür:

"Hər bir kəs bilir ki, bir çox xəstəliklər məhz əsəb nəticəsində meydana gəlir. Diqqət yetirin. Hansı insanlar daha  uzunömürlü olur? O insanlar ki, çox əsəbiləşmir, ağır nevrotik travmalar keçirmir. Bunlar uşaqlar üçün də əhəmiyyətlidir. Nəzərə alsaq ki, uşaqların idrakı, zehinsəl, fiziki inkişafı onların birbaşa psixoloji inkişafına bağlıdır. Psixoloji inkişaf isə onların ailə, məişət, sosial mühit zəminində düzgün təlim-tərbiyəsi nəticəsində meydana gəlir. Uşaqlara ilk növbədə  ruh yüksəkliyi, qayğı, motivasiya və sevgi göstərilməlidir. Onların bütün bunlarla diqqətlə əhatə olunması əhəmiyyətlidir. Bütün bu qaydalara riayət olunduğu zaman inanın ki, koronavirusun fəsadlarından da qurtulmaq mümkündür. Hətta post-pandemiyadan sonrakı mərhələdə orqanizmin daha güclü olmasına və istənilən xəstəliyin mutasiyadan keçmiş versiyasına uğramamaq mümkündür. Özüm piar marketinqlə məşğul olduğum üçün hər gün həkimlərlə ünsiyyətdəyəm. Bu sahədə araşdırmalar aparıram.  İlk növbədə özüm də anayam. Buna görə də,  bu qaydalara xüsusilə riayət edirəm. Uşaqlar bu ölkənin gələcəyidir. Onların gələcəyini sağlam qurmaq isə bizim vəzifəmizdir".