Tibb Universitetinə "sintetik meyit" gətirildi: Üzərində əməliyyat öyrəniləcək

Azərbaycan Tibb Universitetində tədris prosesinin yaxşılaşdırılması, praktik dərslərin keyfiyyətinin artırılması üçün işlər davam etdirilir. Tələbələrin müasir standartlara uyğun təhsil almasını təmin etmək üçün praktiki məşğələlərdə son model texnologiya əsasında hazırlanmış tibbi avadanlıqlardan istifadə olunur. Bu günlərdə ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrası, həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrası üçün əldə olunmuş yeni bu tip unikal avadanlıqların təqdimatı keçirilib.

Sherg.az xəbər verir ki, təqdimat mərasimlərində Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Vaqif Şadlinski, kafedra müdiri vəzifəsini müvəqqəti icra edən dosent Anar Abdullayev, Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri professor Həqiqət Qədirova, ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadov, ATU-nun təsərrüfat və təchizat şöbəsinin müdiri Elçin Əlizadə iştirak ediblər.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında yeni anatomik mulyajlara baxış keçirib. ABŞ-ın SynDaver şirkətinin istehsal etdiyi bu sintetik “bədən”dəki orqanlar canlı insanın əzələ, sümük-qığırdaq, damar-sinir elementlərinə maksimal dərəcədə uyğundur. Onların ölçüləri və xarici görünüşü insan orqanları ilə eynidir. Sintetik meyit mulyajından insan anatomiyası fənninin tədrisi zamanı əksər bölmələrin izahında istifadə etmək olar.


Anatomik mulyajda istifadə olunan əzələlər, daxili orqanlar, damar və sinirlər canlı toxumaların fiziki-kimyəvi, termik və mexaniki xüsusiyyətlərini imitasiya edir. Sintetik meyit modelinə sinir və damar sisteminin əsas morfoloji elementləri daxildir. Ümumiyyətlə, SynDaver şirkəti insan və heyvan toxumalarının, eləcə də bədən hissələrinin və tam bədənin ən mürəkkəb sintetik analoqlarının istehsalı ilə məşhurdur. Bu tip texnologiyalar anatomiya dərsləri, klinik-cərrahi məşğələlər zamanı insan meyitlərini əvəz etməyə imkan verir. ATU tələbələri bu cür mulyajlar üzərində açıq ürək əməliyyatlarına kimi müxtəlif növ əməliyyatların aparılmasını məşq edib öyrənə bilərlər.

Qeyd olunub ki, SynDaver şirkətinin təqdim etdiyi məhsulların işlədilməsi və saxlanılması xüsusi diqqət və məsuliyyət tələb edir. Sintetik insan bədənləri ayda 2 dəfə xüsusi vannalarda tələb olunan qaydada yuyulub-təmizlənməlidir. SynDaver mulyajlarına yalnız əlcəklə toxunmaq olar. İstifadə edilən xlorlaşdırılmış qranulların mulyajla birbaşa təmasına yol vermək olmaz. Hansısa prosedurun düzgün yerinə yetirilməməsi mulyajın keyfiyyətinə mənfi təsir göstərə bilər.

ATU rektoru, professor Gəray Gəraybəyli həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının tədris və elmi laboratoriyaları üçün alınmış avadanlıqlarla da tanış olub. Qeyd olunub ki, kafedrada 2 tədris otağı müasir tələblərə və infeksion nəzarət qaydalarına cavab verən tərzdə qurulub. Bu tədris otaqlarında hər bir tələbə xüsusi quruluşlu laborator masalarında lazımi ləvazimatlarla təchiz edilmiş fərdi iş yeri ilə təmin olunur. İş yerində mikroskop, spirt lampası, bakterioloji ilgəklər, sınaq və əşya şüşələri, rəngləmə dəsti, mikrob kulturası və s. var. Bundan əlavə, həmin otaqlarda praktik işin təqdimatını keçirmək, animasiya və ya tədris filmi vasitəsi ilə nümayiş etdirmək üçün kompüter və proyektor da quraşdırılıb. Daha 3 otaqda tələbələr üçün individual iş yerləri yaradılıb və zəruri ləvazimatlarla təchiz edilmişdir. Kafedranın nəzdindəki digər 11 tədris otağı isə bu cür iş masaları ilə qismən təchiz edilib.

Qeyd olunub ki, kafedranın elmi-tədqiqat laboratoriyaları üçün immunferment analizin (İFA) aparılması üçün analizatorlar, immunflüoressensiya reaksiyasının (RİF) aparılması üçün lüminessent mikroskop, toxuma kulturası üçün invert mikroskop, binokulyar mikroskoplar təchiz edilib. Laboratoriyalarda həmçinin, mənfi dərəcəli soyuducu, avtoklav, biotəhlükəsizlik şkafları, quruducu şkaflar, termostatlar, sentrifuqalar, homogenizator, mikropipetlər, qidalı mühitlər, reaktivlər və s. vardır. Bütün bunlar ATU-da tələbələrin müasir səviyyəli elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradır.