Artıq çəkiyə səbəb olan məhsullardan biri şirniyyatdır. Şirniyyatdan istifadə artıq çəki gətirməklə yanaşı, insan səhhətinə başqa cür mənfi təsir göstərir. Düzdür, şirniyyatların tərkibində orqanizm üçün həyati əhəmiyyətli karbohidratlar var. Lakin şirniyyat “xoşbəxtlik hormonu” adlandırılan serotoninin ifrazını təmin etməklə yanaşı, bir sıra fəsadlara da yol aça bilir.
Xüsusilə də şirniyyat yemək həvəsi məhəbbətə çevrilirsə, bu zaman ortaya ciddi problemlər çıxır.
Tort və şokoladdan imtina edə bilməyənlər, xüsusilə də qadınlar çox vaxt göbələk xəstəliklərindən əziyyət çəkirlər. Araşdırmalara görə, şirniyyatların tərkibindəki qlükozanın insan ömrünü 25 faizə qədər azaltdığı deyilir.
Allerqoloq Aysel Mehdiyeva şirniyyat və karbohidrat kimi kalorili qidaların orqanizmdə artıq çəkiyə səbəb olmasının elmi tərəflərini “Sherg.az”a açıqlayıb:
“Yeməklərimiz zülal, yağ və karbohidratlardan ibarətdir. Ləzzətlə yediyimiz bütün qidalar əsasən bu üç maddədən və onların birləşməsindən ibarətdir ki, bunların da içərisində minerallar, vitaminlər var. Yağlar iki formada orqanizmə daxil olur: Xolesterin - əsasən heyvani yağlar və triqliseridlər.
Yediyimiz yağlar bağırsaqdan sorulduqda, ilk olaraq triqliseridlər birbaşa dərialtı piy toxumasına gedir və orada toplanır. Heyvani yağlar olan xolesterin isə qaraciyərdə toplanır, orqanizm bu yağları ehtiyat olaraq saxlayır.
Eyni zamanda şirniyyat, çörək və ya karbohidrat yedikdə, onlar qlükozaya çevrilir, qaraciyər qlükozanı qlikogenə çevirib depo kimi saxlayır. Bu qidaları həddindən artıq çox yeyiriksə, qaraciyərdə depo üçün yer olmursa, qlikogen bu zaman xolesterinə çevrilir. Beləliklə, qaraciyərimizdə piylənmə əmələ gəlir, eyni zamanda şirniyyat və ya çörək çox yedikdə qlükoza da triqliseridə çevrilə bilir.
Bu zaman yağlar dərialtı piy toxumasında toplanır, bu da orqanizmin özü üçün yığdığı ehtiyat yağlardır. Yağ çox qiymətli enerji mənbəyi olduğu üçün orqanizm onu depo şəklində dərialtı piy toxumasına yığır ki, aclıq hiss edəndə xərcləsin və orqanizm acından ölməsin”.
Həkim vurğulayıb ki, köklüyün əsas səbəbi ehtiyat üçün dəri altında yığılmış yağlardır:
“Bu ehtiyat orqanizm üçün dərialtı toxumadır. Bilirik bizə nə qədər enerji lazımdır və bunu balanslaşdıra bilərik. Lakin orqanizm düşüncəmizə görə iş görmür. Çox yeyiriksə, orqanizm elə bilir ki, bizə bu lazımdır və bunu xərcləyəcəyik. Odur ki, bizim üçün depolaşdırır. Yediyimiz qidaları və sərf etdiyimiz enerji balansını qoruya bilsək, artıq depo yığıb kökəlmərik”.