"Pandemiyaya qalib gəlmək üçün qlobal olaraq virusun lokallaşdırılmasına ehtiyac var"
"Hər bir ölkənin əvvəlki normal həyata qayıtması üçün əhalisinin ən azı 70 faizinin vaksinasiya olunması vacibdir"
Ötən gün Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü baş tutub. Görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun sədri Hans Klüqe və təşklilatın digər rəhbər nümayəndələri iştirak ediblər. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd edib. Prezident İlham Əliyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, bu sahədə Azərbaycanın beynəxalq əməkdaşlığa verdiyi töhfələri qeyd edib. Dövlətimizin başçısı görüş zamanı dünyada peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, pandemiyaya qalib gəlmək üçün qlobal olaraq virusun lokallaşdırılmasına ehtiyac var. Onun sözlərinə görə, əslində, peyvəndlərin ədalətsiz bölgüsü pandemiyanın ömrünü uzadan əsas amillərdəndir:
"Artıq Fransa daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr yeni “lock down” tətbiq etmək məcburiyyətində qalıb. Peyvənd nasionalizmi fonunda vaksinlərin ədalətsiz bölgüsü davam edir.
ÜST-nin məlumatına görə, hələ də dünyanın 36 dövləti 1 doza peyvənd belə əldə edə bilməyib. Bununla yanaşı, simvolik sayda peyvənd alan ölkələrin də sayı kifayət qədər çoxdur. "Bloomberg"in məlumatına görə, ABŞ-da əhalinin 23.6 faizi (154 milyon doza), Böyük Britaniyada əhalinin 26.2 faizi (35 milyon doza), Çilidə əhalinin 26.9 faizi (10 milyon doza), Birləşmiş Ərəb Əmirliyində əhalinin 38.6 faizi (8.3 milyon doza) vaksinasiyada iştirak etdiyi halda Qazaxıstanda əhalinin 0.5 faizi, Belarusda əhalinin 0.4 faizi, Ukraynada əhalinin 0.3 faizi, Gürcüstan, İran, Əfqanistan, Misir, İraqda daxili olmaqla çoxlu sayda ölkələrdə əhalinin 0.1 faizdən azı peyvənddən istifadə edə bilib. Bütövlükdə, indiyədək dünyada 600 milyona yaxın peyvənd bölüşdürülüb".
V.Bayramov qeyd edib ki, vaksinasiyadakı ədalətsiz bölgü qlobal iqtisadi aktivliyinin bərpasına da mane olur:
"Hər bir ölkənin əvvəlki normal həyata qayıtması üçün əhalisinin ən azı 70 faizinin vaksinasiya olunması vacibdir. Digər tərəfdən, hətta bəzi inkişaf etmiş ölkələr növbəti 3-4 ayda bu baryeri keçsələr belə, bu, pandemiyanın sonlanması anlamına gəlməyəcək. Qlobal və milli iqtisadiyyatların normallaşması üçün ədalətli vaksin bölgüsünə və ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada virusun lokallaşdırılmasına ehtiyac var".