Asqırma, burunda qıcıqlanma, bədəndə qaşınma, gözlərdə sulanma ilə özünü göstərən yaz allergiyasında tez-tez rast gəlinən burun qaşınması və sulanan gözlər koronavirusa yoluxma riskini artırır.
"Sherg.az" xəbər verir ki, gigiyena qaydalarına riayət etmədən əlləri ilə gözlərinə toxunan və burunlarını silmək üçün maskanı çıxaranlar virusa yoluxma riski ilə üzləşirlər.
Allergiya və ağciyər xəstəlikləri üzrə mütəxəssis, professor Sami Öztürk yaz allergiyası zamanı koronavirusa yoluxma ehtimalı ilə bağlı bir neçə mühüm məlumatları qeyd edib.
S.Öztürk bahar allergiyası olan insanların virusa yoluxma riskinin daha yüksək olduğuna diqqət çəkib:
"Bunun səbəbi bədəndə qaşınma, burun tutulması, göz sulanması və qaşınması, gözlərə əl ilə toxunma, maskanı tez-tez çıxarmaq və bu şəkildə gözlərə, buruna təmas etmək kimi faktorlardır. Bütün bunlar koronavirusa yoluxma təhlükəsini artırır".
Maska gün ərzində tez-tez dəyişdirilməlidir
Professor allergiyanın səbəb olduğu burunda qaşınma və göz sulanması, qıcıqlanma zamanı edilməsi lazım olan bir neçə tövsiyəni də qeyd edib: "Havada qıcıqlandırıcı tozcuqların çox olduğu səhər saatlarında və küləkli vaxtlarda çölə çıxmamalıyıq. Mütləq bayıra maska ilə çıxmalı və günəş eynəyi taxmalıyıq. Bu tədbirləri görsək, allergik soyuqdəymə, göz qıcıqlanması və sulanması şikayətlərimiz azalacaq. Allergiyanın buruna və gözlərə qaşınma və sulanma ilə təsir göstərdiyi vaxtlarda əllərimizlə burun və gözlərimizə təmas etməməliyik. Mümkünsə əllərimizi yuyub dezinfeksiya edərək burun və göz nahiyələrimizə toxunmalıyıq. Bu cür insanlar üçün gün ərzində maskalarını tez-tez dəyişmək faydalıdır. Hər 3-4 saatdan bir maskanın dəyişdirilməsi tövsiyə edilir". (publika.az)