12 yaşdan yuxarı olan uşaqlar mütləq maska taxmalıdır

"Uşaqların 90 faizi xəstəliyi yumşaq keçirsə də, onlar daşıyıcı olduğundan ətraf aləm üçün təhlükə hesab edilirlər"


Türkiyədə  iki  peyvəndin uşaqlar üçün də yararlı olduğu bildirilib. Belə ki, "Pfizer-BioNTech" vaksininin 12-15 yaş arasında, valideyni tərəfindən könüllü olaraq peyvəndlənməyə gətirilən 2 min 260 uşaq üzərində aparılan araşdırma zamanı onun simptomlu xəstələrə qarşı 100 faizlik təsirə malik olduğu və heç bir əlavə təsirinin olmadığı bəlli olub.

"Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndinin 3-17 yaşlarındakı  550-dən çox uşaq üzərində aparılan peyvəndlənmə zamanı təsirli və etibarlı olduğu aşkarlanıb. Türkiyənin "Cerrahpaşa" tibb fakültəsinin professoru Kənan Midilli rəqəmlərdəki artımın səbəblərindən danışıb. O bildirib ki, uşaqların 90 faizi xəstəliyi yumşaq keçirsə də, onlar daşıyıcı olduğundan ətraf aləm üçün təhlükə hesab edilirlər. Bu səbəbdən uşaqların maska taxması virusun daha da genişlənməsinin qarşısını almaq üçün çox önəmlidir.

 Həkim-pediatr Tərlan Eyyubov "Şərq"də hər iki məsələyə toxunub.  Həkim qeyd edib ki,  müəyyən xəstəliklər vardır ki, onlar xüsusən uşaqlar üçün qorxuludur:



"Və uşaqlarda bu xəstəliklərə qarşı immunitetin yaranması, xəstəliyin neqativ nəticələrini azaltmaq üçün bu xəstəliklərə görə peyvənd edilir. Bu, məsələnin bir tərəfi. Digər tərəfi isə epidemiya yayıldıqda kimlərsə xəstələnir, tələf olur. Kimlərsə xəstələnmir və ya xəstəliyi ayaq üstə keçirir. Xəstəliyi keçirənlər və həmçinin xəstəliyi keçirməyənlərin bir qismi isə daşıyıcı olub, digərlərini yoluxdura bilər. Həm xəstəlik hallarının, həm də xəstəliyin yayılmasının qarşısının alınması üçün peyvənd olunması çox vacibdir. Ancaq bu virus yeni olduğundan, buna qarşı peyvənd də yeni yaradılıb. Lakin uşaqlar üzərində bu peyvəndin effektivliyi və təhlükəsizliyi hələ də tam öyrənilmədiyindən uşaqlarda istifadə olunması ləngiyir. Ona görə də hesab edirəm ki,  ilk növbədə onun təhlükəsizliyi müəyyənləşməlidir və ondan sonra  uşaqlara vurulması daha məqsədəuyğun olar". 

T.Eyyubov uşaqların maska taxması məsələsinə də toxunub:

"Maska taxılarkən burada yaş xüsusiyyətləri nəzərə alınır. Bildiyimiz kimi, 12 yaşdan böyük uşaqlar maska taxmalıdır. Amma 6-12 yaş arası uşaqlar üçün - yaşadığı arealda xəstəliyin nə dərəcədə yayılması, uşağın maskanı düzgün və təhlükəsiz formada taxa bilmək ixtiyarında olması, onların psixososial inkişafi nəzərə alınmaqla taxa da bilər, taxmaya da. Altı yaşadək uşaqlardan isə həm təhlükəsizlik, həm onların psixososial inkişafı baxımından (dəcəllik, nadinc olması)  maska taxmaq tələb oluna bilməz".