Həkim:"Psixoloq seansından sonra yanıma gələnlər elə şeylər danışırlar ki..."

“Azərbaycanda psixoloqların böyük əksəriyyətinin, təxminən 95 faizinin bir yaralı yeri var. Bilavasitə işlədiyi obyekt, yəni beyin haqqında heç bir məlumatları yoxdur. Çünki psixoloq yetişdirən ali məktəblərin heç birində bu haqda elementar məlumat belə verilmir. Azərbaycan dilində isə kitab yoxdur”.

Bu sözləri həkim Qalib Əsədov deyib.  
 
O, “Sherg.az”a açıqlamasında iddialarını belə əsaslandırdı:

“Nəticədə bəziləri "serotonin-xoşbəxtlik hormonu" mifinin əsiridir, bəziləri bədən dili (NLP) kimi psevdoelmi məlumatlardan istifadə edir, bəziləri isə kainat, kosmik enerji, pozitiv enerji ötürmək kimi yalançı əfsanələri öyrənir. Hərdən psixoloqun seansından sonra yanıma gələn xəstələr elə şeylər danışırlar ki, bilmirsən güləsən, yoxsa kədərlənəsən. Beyni, onun fəaliyyət prinsiplərini, orda baş verən proseslərin mexanizmini onun ayrı-ayrı şöbələrinin iş prinsipini, burda gedən biokimyəvi prosesləri, düşüncələrin, yaddaş, yuxu, müxtəlif fikirlərin yaranma mexanizmini, depressiya, həyəcan, fobiya və s.  kimi psixoloji problemlərin səbəblərini, insan davranışının sirlərini  bilmədən yaxşı psixoloq olmaq mümkün deyil”.