Azərbaycanda quş qripi təhlükəsi: AQTA hərəkətə keçdi 

Almaniya, Çexiya və İsveç şəhərindən gələn bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)məlumat verilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, məhdudiyyətə səbəb adı çəkilən inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyinin qeydə alınması olub.
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından, Çexiya Respublikasından və İsveç Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Koronavirusun tüğyan etdiyi bir vaxtda quş qripi təhlükəsi əlbəttə bizi narahat edir. Bu baxımdan insan sağlamlığını təhlükəli duruma salan bütün əngəllərin aradan qaldırılması vacibdir. Məhz aidiyyəti qurumların məsələyə ciddi yanaşması lazımdır.



Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyevin “Sherg.az”a açıqlamasına görə, vətəndaşların sağlamlığının qorunması və bir sıra xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan addımlar olduqca təqdirəlayiqdir:

“Hətta buna gecikmiş addım da deyərdim. Bu cür təhlükəli məqamları öncədən planlaşdırmaq lazımdır. Amma bir məsələ diqqətdə saxlanılmalıdır: Müvafiq qadağaları tətbiq edirik, bəs ölkə əhalisi hansısa qida məhsulu ilə qidalanmalıdır, yoxsa bu məhsullardan kənarda yaşamalıdır? Təbii ki, yox. Məhz buna görə də qadağa qoyulmaz əvvəl ölkə ərazisində bu məhsullara olan tələbatın alternativ təminat yolları planlaşdırılmalıdır.

Bu, iki yolla həyata keçirilə bilər: birincisi, ölkə ərazisində quş əti istehsalı ilə məşğul olan müəssisələrin istehsal gücünün artırılması. İkincisi, quş əti xammalı ilə təminatlandırılmada digər alternativ ölkələrlə müqavilələrin bağlanılması. Təbii ki, mövcud halın qarşısını almaq üçün bu iki amilin həyata keçirməsi birmənalı olaraq vacibdir.

AQTA-nın mövqeyini alqışlayır və bəyənirəm. Görülən tədbirlər vətəndaşların sağlamlığının qorunması baxımından həyata keçirilməsi vacib sayılan işlərdir”.