Qoturluq artıb 

Bu da koronavirusun gətirdiyi bəladır

"Professor qaşınma əlamətləri olan insanların vaxt itirmədən həkimə müraciət etmələrini məsləhət gördü"


Həkimlər həyəcan təbli çalır. Son il yarım müddətində COVİD-19 virusu ilə yanaşı qoturluq xəstəliyinə yoluxma sayında da ciddi artım var. Bunu son zamanlar "Google" axtarış sistemində ən çox sorulanlar arasında “qoturluq öz-özünə keçib gedirmi?”, “qoturluq xəstəliyinin müalicəsində hansı vasitələr faydalıdır?”, “nə edirəm, qaşınma keçmir”, “qaşınmaya qarşı ən effektili vasitə hansıdır?” kimi sualların olması da təsdiq edir. Həqiqətən də, qoturluq xəstəliyi geniş miqyas alıbmı? “Şərq” “Milliyet.com-a istinadən bildirir ki, Türkiyə tibb mütəxəssisləri xəstəliklə bağlı mühüm açıqlamalarla çıxış edib.  Bezmialəm Vəqfi Universitetinin Tibb Fakültəsinin Dermatologiya Klinikasına müraciət edən xəstələrlə bağlı araşdırma aparan professor doktor Özlem Su Küçük koronavirus pandemiyasının əvvəlindən qoturluq xəstəliyinə yoluxmada da artım olduğunu açıqlayıb. 

Gecələr şiddətlənən qaşınma, kiçik qırmızı sızanaqlar... Bunlar bitə oxşar, gözlə görülməyən bir parazit  növü olan “sarcoptes scabei hominis”un dəri altına nüfuz etməsiylə ortaya çıxan qoturluq xəstəliyinin əlamətləridir. Türkiyədə 2020-ci ilin mart ayından etibarən çox sayda insan məhz bu şikayətlərlə dermatoloji klinikalara üz tutub. Professor qeyd edib ki, ümumiyyətlə, son 5 ildə ölkə üzrə qoturluq xəstəliyinə yoluxmada artım müşahidə edilirdi. Pandemiya dövründə isə klinikalara müraciət edən pasiyentlərlə bağlı aparılan araşdırmalarla  qoturluq xəstəliyinin həqiqətən də çoxaldığı təsdiq olunur. Yoluxma sayı təqribən 2.5 dəfə artıb. Professor vurğulayıb ki, eyni hal İspaniyada da yaşanır.

Bu ölkədə də pandemiya dövründə qoturluq xəstəliyinə yoluxmayla bağlı ciddi araşdırmalar aparılıb. Bəs, qoturluğun artmasna səbəb nədir? Nəzərə alsaq ki, pandemiya dövründə insanlar təmizliyə daha çox riayət edir, gigiyenik vasitələrdən, dezinfeksiyaedici məhlullardan daha çox istifadə edir, qoturluğa yaxalanma bir qədər təəccüblü görünür. Amma təmizliyə riayət etmək və evə qapanmalar demək ki, heç də hər şeyin çarəsi deyilmiş.  Mütəxəssislər bunun səbəbini insanların pandemiya dövründə evə daha çox qapanmaları, karantin qaydaları, qapanmalarla bağlı da səhhətlərindəki hər hansı rahatsızlıqla bağlı həkimə vaxtında müraciət etməməklə əlaqələndirirlər. Yəni məcbur qalmadıqca həkimə getmirlər. Evə qapanan insanlar ailələri, yaxın qohum-əqrəba ilə daha sıx təmasda olur.

Bu da parazitlərin bir insandan ötürülməsinə münbit şərait yaradır, üstəlik, əşyalar parazit daşıyıcısı ola bilər. Və hansısa əşya vasitəsilə qoturluq törədən parazit evə daşına bilər. 

İnsanlar daha çox koronavirusdan qorxduqları üçün qaşınmalara əhəmiyyətsiz yanaşır, bunun öz-özünə keçib gedəcəyinə “inanırlar”. Həkimə gec müraciət edilməsi xəstəliyin ağırlaşmasına səbəb olur. Professor bir məsələyə də toxunub ki, insanlar qaşınmanın, qoturluğun pişiklər və ya itlər vasitəsilə ötürülməsinə dair yanlış bilgilərə malikdir. Qoturluq insanlara heyvanlar vasitəsilə ötürülmür. Halbuki, qoturluq sadəcə fiziki təmas vasitəsilə bir insandan digərinə asanlıqla keçir. Eyni zamanda artıq vurğulandığı kimi xəstəlik daşıyıcısı parazitlərin mövcud olduğu əşyalar vasitəsilə də. 

Həkim bildirib ki, qoturluq yaş, cinsi fərq tanımır. Hamıya, hər yaşda yoluxa bilər. Lakin hər qaşıntı da qoturluq demək deyil:

- Gecələr şiddətlənən qaşınma, kiçik, qırmızı rəngli sızanağa oxşar nöqtələr və xüsusilə də ailənin digər üzvlərində də oxşar əlamətlərin olması qoturluq ehtimalını artıran amillərdir. İnsan qoturluğa çox asanlıqla yoluxa bilər. Adicə birisiylə rəqs etməniz belə, əgər o şəxsdə qoturluq varsa, sizə keçəcək. Və əlbəttə ki, cinsi münasibətlər zamanı.

Başqasının libası, yataq dəstləri, istifadə olunan əşyalar da yoluxma riski daşıyır. Qoturluq xəstəliyinin əlbəttə ki, müalicəsi vardır. 3 həftəlik bir müalicə kursu ilə xəstəlikdən qurtulmaq tamamilə mümkündür. Lakin bütün əvvəki geyimlər, yataq dəstləri dəyişdirilməli, 60 dərəcədə yuyulmalı, yalnz fərdi əşyalardan istifadə edilməlidir.  Qoturluq adətən beldə, göbək ətrafında, biləklərin iç tərəfində, barmaqarası,  qoltuqaltı və özəl bölgələrdə daha çox müşahidə edilir. Körpələrdə və yaşlılarda isə ovuc içi, ayaq dabanları, üz, boyun nahiyəsi, hətta bütün vücudda ola bilər.

Professor qaşınma əlamətləri olan insanların vaxt itirmədən həkimə müraciət etmələrini məsləhət gördü. Əks halda qaşıntılar qalıcı ola bilər və dəri səthində  sərtləşib qalar. Həkimə zamanında müraciət etmək ailə üzvlərinin qorunması baxımından da vacibdir.