“Karantin rejiminin yumşaldılması müəyyən şərtlərlə həyata keçirilir. İlk növbədə hər kəs vaksinasiya olunmaq üçün özü təşəbbüs göstərməlidir”.
“Sherg.az” xəbər verir ki, bu barədə tanınmış jurnalist Müşfiq Ələsgərli yazıb.
Media nümayəndəsi bildirib ki, bu günə qədər ölkədə vurulan vaksinlərin ümumi sayı 2 milyon 21 min 371-dir. Peyvənd olunanlar da sağ-salamatdırlar:
“Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb. ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb. Dünya ölkələrində pandemiya davam etdikcə, ölkəmizdə təhlükəsizlik tədbirləri də davam etdiriləcək. Dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam edir. Azərbaycan məhz belə bir şəraitdə uğurlu nəticələr əldə edib. Təhlükəsizlik məsələsində ən böyük məsuliyyət yenə də vətəndaşın öz üzərində qalır. Nəzərə almaq lazımdır ki, ölkəmizdə yoluxmaların sayı azalsa da, ölüm sayı hələ də yüksəkdir, arxayınlaşmaq üçün hələ tezdir”.
M.Ələsgərlinin firkincə, “Covid” pasportlarının tətbiq edilməsi vaksin prosesini stimullaşdıracaq:
“Vaksinləşmənin sürətlənməsi digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov əhaliyə vaksin olunmaqla bağlı çağırış edərək bildirib ki, işçiləri vaksin olunmayan şirkətlər bağlana bilər. İyulun 1-dək işçilərinin 80 faizi vaksin olunmayan obyektlərə məhdudiyyətlər tətbiq ediləcək, hətta onlar bağlanıla bilərlər. Bu tələb konsert, teatr və şənlik salonlarına da aid ediləcək. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyi olan vətəndaşlara təcili vaksinasiyadan keçmək tövsiyə olunur”.