"Koronavirusa yoluxub sağalmış insanların bir müddət reabilitasiya kursu keçməsi vacibdir"
Maskalar çıxarılsa da (açıq havada, əlbəttə), “mollar” açılsa da, metromuz da nəhayət, uzun fasilədən sonra fəaliyyətini bərpa etsə də, COVİD-19 bu gün də bizimlədir. Bir qədər zəifləmiş ola bilər, yayılmasının qarşısı alınır, mühasirəyə alınır deyə, çox da əl-qol aça bilmir, amma getməyib, dünyamızı tərk etməyib. Nə vaxtsa, əlbəttə, koronavirus da tarixə qovuşacaq. Onun haqqında keçmiş zamanda danışacağıq. Bundan əvvəl tarixdə mövcud olmuş ağır yoluxucu xəstəliklər kimi. Amma hazırda mütəxəssisləri də, əhalini də düşündürən COVİD-19-un orqanizmdə buraxdığı izlərdir - fəsadlar. Həkim tövsiyəsini qeyd etməzdən öncə, Çində aparılmış tədqiqatın nəticələrinə qısaca nəzər salaq. Məlumdur ki, COVİD-19 ilk dəfə Çinin Uhan şəhərində aşkarlandı və minlərlə insanın ölümünə səbəb oldu.
Koronavirusun insan həyatında, eləcə də orqanizmdə buraxdığı fəsadlarla bağlı ilk tədqiqat da məhz Uhan əhalisi üzərində aparılıb. Tədqiqat nəticəsində koronavirusa yoluxub sağalmış insanların 75 faizində xəstəliyin ən azı bir simptomunun müşahidə edildiyi müəyyənləşib. Tədqiqatın nəticəsi onu deməyə əsas verir ki, koronavirus infeksiyasından sağalmış şəxslər uzun müddət bu xəstəliyin təsirindən əziyyət çəkə bilər. Tədqiqatlar göstərir ki, COVİD-19 infeksiyasının ilkin diaqnozundan altı ay sonra ən çox müşahidə olunan simptomlar yuxu pozğunluğu və yorğunluqdur. Sorğuda iştirak edən şəxslərin 26 faizində yuxu pozğunluğu, 63 faizində isə yorğunluq aşkarlanıb. Tədqiqatda iştirak edən pasiyentlərin ümumən 23 faizində isə həyəcan və ya depressiya kimi uzunmüddətli psixoloji narahatlıqlar qeydə alınıb. İlkin rentgen müayinəsi zamanı xəstəliyi ağır keçirmiş pasiyentlərin ağ ciyərində hələ də zədələrin olduğu üzə çıxıb. Xəstəxanada müalicə aldığı vaxt böyrəklərində kəskin zədələnmə müşahidə olunmayan xəstələrin 13 faizində kəskin böyrək disfunksiyasının əlamətləri aşkarlanıb. Təhlillər göstərir ki, pasiyentlərin əksəriyyəti xəstəxanadan çıxandan sonra virusun bir neçə təsiri ilə yaşamağa davam edir. Belə pasiyentlərə, xüsusilə də xəstəliyi ağır keçirənlərə xəstəxanadan buraxılandan sonra da qulluq lazımdır.
Ən çox qeydə alınan uzunmüddətli simptomlar yorğunluq, nəfəs darlığı, öskürək, oynaq və sinə ağrılarıdır. Koronavirusun uzunmüddətli simptomları sırasında beyin dumanlanması, depressiya və baş ağrısı da var. Bunlar insanın düşünmək və diqqətini toplamaq qabiliyyətini zəiflədən əsas problemlərdir. Mütəxəssislər hesab edir ki, koronavirusa yoluxanların çoxu sağalaraq normal həyata qayıda bilir, lakin xəstəliyi ağır keçirən bəzi pasiyentlərdə simptomlar həftələrlə, aylarla davam edir. Hətta xəstəliyi yüngül keçirən, xəstəxanada yatmayan adamlar da infeksiyanın uzunmüddətli və ya gec üzə çıxmış simptomları ilə qarşılaşa bilər.
Çin tədqiqatçıları bildirir ki, 2003-2004-cü illərdə kəskin respirator sindroma (SARS) məruz qalmış və sağalmış xəstələrin 40 faizində 3 il sonra da xroniki yorğunluq simptomları qalırdı. COVİD-19 simptomları da eynilə bu cürdür.
Mövzu ilə bağlı “Şərq”ə danışan Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla qeyd etdi ki, koronavirusa yoluxub sağalmış insanların bir müddət reabilitasiya kursu keçməsi vacibdir:
- COVİD-19-un orqanizmdə uzunmüddətli hansı fəsadlar yaratdığına dair tədqiqatlar hələ aparılmayıb. Amma yaxın müddət üçün nəticələr bəllidir. Virusa yoluxmuş insanlarda post-covid sindromu baş verir. Bunlar qanın aşağı olması, halsızlıq, ümumi zəiflik, orqanların yaxşı işləməməsi, buzlu şüşə aşkarlanan xəstələrdə (dərəcədən asılı olaraq) ağ ciyər çatışmazlığı, saturasiyanın aşağı düşməsi, ürəyin zəifləməsi kimi hallar müşahidə edilir. Bunlar hamısı post-covid sindromu adı altında cəmlənir. Ona görə də virusa yoluxmuş insanlara bir müddət reabilitasiya kursu keçmək, müvafiq müalicələr almaq tövsiyə edilir. Ümumən, koronavirusa yoluxub sağalmış şəxslər bir müddət lazımi müayinələrdən keçməyi gözardı etməməlidir. Çünki xəstəlikdən sonra orqanizmdə müəyyən fəsadlar qala bilər. Pasiyentlər bu haqda məlumatlı olmalı və ona uyğun müalicəni davam etdirməlidirlər.