“Peyvənd millətçiliyi”nə qarşı ölkələr milli səviyyədə deyil, beynəlxalq səviyyədə, birlikdə mübarizə apararaq qalib gələ bilərlər"
“Peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur”. Bunu Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyir. Ölkə rəhbəri qeyd edib ki, davam edən “peyvənd millətçiliyi” narahatlığa səbəb olur:
“Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşüb.
Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb. Həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq”.
Prezident Azərbaycanda 2 milyon doza peyvənd istifadə edildiyini bəyan edib: “Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib”. Dövlət başçısı bildirib ki, bu rəqəm əhalimizin 20 faizini təşkil edir: “18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”.
Millət vəkili Anar Məmmədov “Şərq”ə deyib ki, “peyvənd millətçiliyi”nə qarşı ölkələr milli səviyyədə deyil, beynəlxalq səviyyədə, birlikdə mübarizə apararaq qalib gələ bilərlər. Deputatın sözlərinə görə, koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən olub:
“İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası uğurla keçirilib.
Təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir.
Bu mənada, Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb.
Qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirib. Bununla yanaşı, Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq könüllü şəkildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində, eləcə də 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı ayırıb. Hətta Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəfələrlə vurğulanıb. Digər ölkələrə nümunə göstərilib”.
A.Məmmədov vurğulayıb ki, peyvəndlərlə bağlı Azərbaycan bir neçə dəfə təşəbbüslərlə çıxış edib:
“Cənab Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının sədri qismində Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısı keçirilib. Həmçinin yenə ölkə başçısının təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.
Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan bu mübarizədə də nümunəvi addımları ilə dünyaya dərs keçmiş oldu”.