"Koronavirusun Çindəki laboratoriyadan
yayılmağa başlamasına dair dürüst dəlillər olmasa da, bu ehtimalı tamamilə
istisna etmək də doğru deyil".
“Report” xəbər verir ki, bunu “Fox News”a
açıqlamasında ABŞ Milli Səhiyyə İnstitutları (NIH) direktoru Fransis Kollins (Francis
Collins) bildirib.
COVID-19 virusunun bioloji silah üzərində
çalışmalar aparıldığı laboratoriyada yaradıldığına dair daha əvvəllər səsləndirilmiş
ehtimallara münasibət bildirən ekspert deyib: “Bu ehtimal həmin virus genomu
barədə bildiyimizlərə uyğun gəlmir”.
Virusun Çindəki laboratoriyadan xəta üzündən
yayılmağa başlaması ehtimalına dair sübutlar əldə edilməsə də, bunu “heç vaxt
istisna etmədiyi”ni dilə gətirən ekspert bu məsələyə dair əhatəli araşdırma
aparmağın zəruri olduğunu bildirib.
Bundan əvvəl WSJ xəbər vermişdi ki, kəşfiyyətin
məlumatına görə hələ 2019-cu ilin noyabr ayında, yəni koronavirusa dair xəbərlər
verilənədək Vuhan şəhərindəki Virusologiya Institutunun üç əməkdaşı ağır xəstəliyə
tutulmuşdular.