ŞOK iddia:"İndiki qarpızlar orqanizmdə xərçəng şişləri yaradır"

“Küçədə qarpız satırdılar. Kilosu 20 qəpik. Kilosu 20 qəpiyə nə qarpız olacaq?!”ö Bunu “Şərq”ə açıqlamasında həkim-pediatr Vaqif Qarayev söylədi. V.Qarayev sosial şəbəkədə paylaşdığı statusunda “İndi satışda olan qarpızı havayı da olsa, alıb uşaqlara verməsəniz yaxşıdı. Zəhərlənmələr var” yazmışdı. Pediatrdan məsələnin nə qədər ciddi olduğunu soruşduq. V.Qarayev bildirdi ki, zəhərlənmə faktı ilə bağlı 2 uşaq gətirilib qəbuluna: 

- Zəhərlənmələr var, xəbərdarlığını elə-belə - heç nədən yazmamışam. 2 uşaq gətiriblər yanıma, ikisində də qusma, ishal, mədə-bağırsaq pozuntusu. Kiloqramı 20 qəpiyə qarpız satırlar. Bunu da nəzərdə tutaraq lap havayı da olsa, alıb uşaqlara verməyin”, yazmışam. Məsələ qarpızın ucuz olması deyil. Məsələ, qarpız mövsümünün olmamasıdır. Azərbaycanda elə bir adam tapılar ki, qarpızın hansı mövsümdə, hansı ayda yeyildiyini bilməsin?! Qarpızın normal halda mövsümü avqust ayıdır. Heç olmasa, iyulun ortası gəlib çatsın, yaxşı, lap heç olmasa, iyul başlasın, sonra qarpız yeyək də!  Mən başa düşürəm, bilirəm, qış-yaz fərqi yoxdur, hər fəsildə satışda çiyələk, qarpız, alça, cürbəcür ekzotik meyvələr olur. Bunların mineral gübrələr hesabına yetişdirildiyi də məlumdur. İnsanlar bilməlidir ki, mineral gübrələr orqanizmə zərərlidir.

Üzvi gübrə başqadır. Kənd təsərrüfatında, meyvə-tərəvəzçilikdə üzvi gübrələrdən istifadə olunur, bu, normaldır. Amma mineral gübrələr ziyanlıdır. Meyvə-tərəvəz yetişdirənlər köklərə mineral gübrələr verir ki, məhsul tez yetişin, həcmi, görünüşü gözəgəlimli olsun, məhsuldarlıq da bol olsun, məhsul uzun müddət xarab olmasın.  Bunu ziyana düşməmək üçün edirlər. Axı normal insan da anlamalıdır ki, qışda, ya da aprel ayında satışa çıxarılan çiyələk təbii üsulla yetişə bilməz. Siz satışdakı çiyələklərə diqqətlə baxmısınız? Təbiət belə çiyələk yetişdirməz. Bunlar, insanların “oyunudur”. Təsəvvür edin ki, o boyda irilikdə çiyələyə nə qədər mineral gübrə vurulub. Eləcə də mövsümdən əvvəl satışa çıxarılan qarpıza, yemişə. Onsuz da hazırda dünyada genetik modifikasiya olunmuş məhsullar yayılıb. Amma Azərbaycan fərqli coğrafiyaya, fərqli iqlimə malik ölkədir. Azərbaycan torpağı bərəkətlidir, hər növ meyvə-tərəvəz yetişir, amma hərəsinin öz yetişmə vaxtı, hətta günü, saatı var. Öz vaxtında yetişməyən meyvə xeyirli ola bilməz. Deyirlər, Türkiyədə də qışda qarpız satılır. Ay balam, Türkiyənin bölgələrinin birində qış fəsli olanda, birində yazdır. Bizdə belə bölgə var?  

V.Qarayev qeyd etdi ki, hazırda satışdakı qarpızların tərkibi ciddi yoxlansa, mineral gübrələrin normadan artıq olduğu müəyyənləşəcək: 

- Qarpızların tərkibində nə qədər azot, nitratlar var. Bunu ciddi şəkildə yoxlayan yoxdur. Kimsə alır, deyir, aldım, yedik, yaxşı idi, ləzzətli idi, heç nə olmadı. Zəhərlənmədik. Daha insan anlamır ki, bu fəsadlar sonra üzə çıxacaq. Qarpız yeyilən vaxt orqanizm ona mənfi reaksiya verməyibsə, bu, qarşıdakı zamanda orqanizmin fəsadlarla üzləşməyəcəyi anlamına gəlmir. Bütün o zərərli minerallar orqanizmdə toplanıb qalır. Mineral gübrələrin tərkibində konserogen maddələr var. Onlar orqanizmdə xərçəng şişləri yarada bilir. Mineral gübrələrin hətta böyük hissəsi orqanizmdən xaric olunsa da, lap cüzi bir hissəsi də orqanizmdə qalmaqla gələcəkdə böyük fəsadlara yol açmağa qadirdir. Ona görə də hər meyvəni öz mövsümündə yemək məsləhətdir. Bir var, tez yetişsin, bazara tez çıxarılsın deyə, mineral gübrələr hesabına tez yetişdirilmiş meyvə-tərəvəz, bir də var, üzvi gübrələrlə nisbətən təbii şəraitdə yetişdirilən meyvə-tərəvəz. İkincilər daha az təhlükəlidir. 

Pediatr xüsusilə valideynləri məsuliyyətli olmağa çağırdı: 

- Uşaqların orqanizmini zərərli maddələrlə korlamayın. Uşaq orqanizmi formalaşma mərhələsində olduğu üçün zərərli maddələrə daha çox həssasdır. Dərmanla yetişdirilən qarpız, yemiş uşaqlarda mədə-bağırsaq pozuntusu əmələ gətirir, sonra bu problemi aradan qaldırmaq uzun müddət tələb edir və çətin olur.